Çuğundurun faydaları və yanlış bilinən xüsusiyyətləri

SAĞLAMLIQ
22:17 / 18.11.2026
34

Çuğundur aşağı kalorili olması, lif, folat və kaliumla zənginliyi sayəsində çəkiyə nəzarət edən insanların qidalanmasında faydalı yer tuta bilər. Lakin bu tərəvəz qanazlığını, yüksək təzyiqi və qaraciyər xəstəliklərini müalicə etmək gücündə deyil.

HİT.az xəbər verir ki, bu barədə qastroenteroloq Olesya Sinelnikova “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, çuğundur toxluq hissi yaradır, tərkibindəki lif isə bağırsaqların fəaliyyətini dəstəkləyir, nəcisin müntəzəm olmasına və faydalı bakteriyaların qidalanmasına kömək edir. Bununla belə, tərəvəzin miqdarını qəfil artırmaq, xüsusilə həssas bağırsağı olan insanlarda köp, qarında qurultu və ishala səbəb ola bilər. Buna görə də onu rasiona tədricən əlavə etmək məsləhətdir.

Çuğundurun tərkibindəki folatlar hüceyrələrin bölünməsi və qan yaranması prosesində, kalium isə əzələlərin və sinir sisteminin fəaliyyətində, eləcə də arterial təzyiqin tənzimlənməsində iştirak edir. Lakin bu tərəvəz həmin maddələrin ciddi çatışmazlığını təkbaşına aradan qaldıra bilməz.

Mütəxəssis çuğundurun tərkibindəki nitratlara da diqqət çəkib. Bu maddələr orqanizmdə damarların genişlənməsinə kömək edən azot oksidinin yaranmasında iştirak edir. Bəzi araşdırmalara görə, çuğundur şirəsi hipertoniya xəstələrinin bir qismində sistolik təzyiqi müəyyən qədər aşağı sala bilər. Ancaq bu təsir həkimin təyin etdiyi dərmanları əvəz etmək üçün əsas deyil.

Tərəvəzə qırmızı rəng verən betalainlər antioksidant xüsusiyyətlərə malik bitki birləşmələridir. Bununla belə, çuğundurun qanı təmizləməsi, toksinləri orqanizmdən çıxarması və qaraciyəri bərpa etməsi ilə bağlı iddiaların elmi təsdiqi yoxdur.

Sinelnikova xüsusilə qanazlığı ilə bağlı yanlış təsəvvürlərə aydınlıq gətirib. Çuğundurda dəmir olsa da, onun miqdarı azdır və bu mineral ətdəki dəmirlə müqayisədə daha zəif mənimsənilir. Buna görə də dəmir çatışmazlığı anemiyasını çuğundur və ya onun şirəsi ilə müalicə etmək mümkün deyil. Hemoqlobin səviyyəsi aşağı olan şəxslərə ferritin göstəricisini yoxlatmaq və çatışmazlığın səbəbini müəyyənləşdirmək tövsiyə olunur.

Həkim çuğunduru çiy, qaynadılmış və ya sobada bişirilmiş halda yeməyin mümkün olduğunu bildirib. Uzun müddət qaynadıldıqda onun tərkibindəki suda həll olan maddələrin bir hissəsi suya keçir. Buna görə sobada bişirmə və buxarda hazırlama daha məqsədəuyğun hesab olunur.

Çuğundur şirəsində lif daha az olur, eyni zamanda şəkər və nitratların konsentrasiyası yüksək ola bilər. Bu səbəbdən onu böyük miqdarda, xüsusilə stəkanlarla içmək məsləhət görülmür. Turşuya qoyulmuş çuğundurun isə tərkibində duz və şəkərin çox ola biləcəyi nəzərə alınmalıdır.

Mütəxəssisin sözlərinə görə, bu tərəvəz üçün hamıya aid vahid gündəlik norma yoxdur. Sağlam yetkin insan üçün təxminən 100-150 qramlıq porsiya münasib seçim sayıla bilər.

Samir
 

0