Aşpazlar bulyona niyə buz atırlar? – Şəffaf qalması üçün maraqlı üsul

MARAQLI
22:56 / 18.11.2026
34

Restoranlarda təqdim olunan bulyonun şəffaf, təmiz və qızılı rəngdə olmasının müəyyən sirri var. Təcrübəli aşpazlar bunun üçün adi buz kublarından istifadə edirlər. Bu sadə üsul ev şəraitində hazırlanan bulyonun da daha iştahaçan görünməsinə kömək edə bilər.

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri məlumat yayıb.

Məlumata görə, bulyonun bulanıqlaşmasının əsas səbəblərindən biri yüksək temperaturun təsiri ilə laxtalanan zülalların və xırda yağ damcılarının mayeyə qarışmasıdır. Güclü qaynama zamanı bu hissəciklər mayedə yayılır və onları adi kəfgirlə təmizləmək çətinləşir.

Aşpazların istifadə etdiyi üsul isə bulyona bir neçə buz kubu əlavə etməkdir. Temperaturun qəfil aşağı düşməsi nəticəsində yağ və xırda zülal hissəcikləri bir araya gələrək səthdə toplanır. Beləliklə, yaranan çöküntünü və köpüyü təmizləmək asanlaşır.

Bu üsulu sınamaq üçün əvvəlcə bulyonun, demək olar ki, hazır olmasını gözləmək lazımdır. Ət və ya tərəvəzlər yumşaldıqdan sonra ocağın istisi azaldılır və 3-4 litr mayeyə 2-3 iri buz kubu əlavə edilir. Təxminən 15-20 saniyə sonra buz kəfgirlə ehtiyatla götürülür. Ardınca qazanın qapağı örtülərək 5-7 dəqiqə gözlənilir.

Bununla yanaşı, mütəxəssislər şəffaf bulyon hazırlamaq üçün bir neçə qaydaya da əməl etməyi tövsiyə edirlər. Əti əvvəlcə soyuq suya qoymaq və tədricən qızdırmaq lazımdır. Su qaynamağa başladıqdan sonra isə ocağın istisi azaldılmalıdır. Bulyon gur qaynamamalı, yalnız zəif şəkildə qaynara düşməlidir.

Duzun bişirmənin sonuna yaxın əlavə edilməsi də məsləhət görülür. Bu, suyun buxarlanması nəticəsində yeməyin həddindən artıq duzlu olmasının qarşısını almağa və dadı daha yaxşı tənzimləməyə imkan verir.

Samir
 

0