44 günlük Zəfər - Azərbaycanın gücünü daha da artırdı

HƏRBİ
12:46 / 28.09.2026
146

44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan cəmiyyətinin yalnız tarixini deyil, gələcəyə baxışını da dəyişdi. 

Qələbədən sonra ölkədə milli birlik və dövlətçilik ruhu daha da gücləndi, azad edilmiş ərazilərdə isə yeni quruculuq mərhələsi başladı.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycanın həm öz gücünə, həm də müstəqilliyini və suverenliyini qorumaq imkanlarına inamını daha da möhkəmləndirib:

"Bu Qələbənin əldə olunmasında xalqın birliyi, dövlət rəhbərliyinin həyata keçirdiyi siyasət və cəmiyyətdəki yüksək vətənpərvərlik ruhu mühüm rol oynayıb. Zəfərin əhəmiyyəti yalnız döyüş meydanında əldə olunan nəticələrlə məhdudlaşmır. Müharibədən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılması da Qələbənin mühüm nəticələrindən biri kimi qiymətləndirilir. 

Qısa müddətdə yaşayış məntəqələrinin yenidən qurulması, insanların doğma torpaqlarına qayıtması və burada yaşaması həmin prosesin miqyasını göstərir".

411042

Millət vəkili onu da əlavə edib ki, Zəfər cəmiyyətin torpağa, dövlətə və ölkənin gələcək inkişafına bağlılığını da gücləndirib:

"Xüsusilə gənc nəsil üçün 44 günlük müharibə və onun nəticələri yeni bir tarixi istinad nöqtəsi formalaşdırıb. Əldə olunan nəticə Azərbaycanın gələcəkdə qarşılaşa biləcəyi çətinliklərə hazır olması baxımından da mühüm təcrübədir. Əsas nəticələrdən biri isə müstəqilliyin qorunmasının daim diqqətdə saxlanılmasının vacibliyidir. Bunun üçün cəmiyyətin birliyi, düzgün siyasi istiqamət və dövlətçilik maraqlarının qorunması mühüm amillər olaraq qalır".

Sevinc

0