Qadın 15 dollara aldığı boyunbağını 268 min dollara satdı

DÜNYA
13:00 / 28.09.2026
43

ABŞ-da bir qadın Bruklindəki bit bazarından cəmi 15 dollara aldığı qeyri-adi boyunbağının məşhur amerikalı heykəltəraş Aleksandr Kalderin əsəri olduğunu illər sonra öyrənib. Zərgərlik nümunəsi daha sonra “Christie’s” hərracında 267 750 dollara satılıb.

HİT.az xəbər verir ki, “Indiatimes.com”un məlumatına görə, Filadelfiyada yaşayan Norma Ayfill Bruklindəki bit bazarından gümüş məftil və kordondan hazırlanmış qeyri-adi boyunbağı alıb. O, zinət əşyasını uzun illər taxıb və onun mənşəyindən xəbərsiz olub.

Yalnız illər sonra qadın bunun adi vintage əşya olmadığını, məftildən mürəkkəb fiqurlar və elektrik enerjisi və ya küləyin təsiri ilə hərəkətə gətirilən kinetik heykəllər – “mobil”ləri ilə dünya şöhrəti qazanan məşhur amerikalı heykəltəraş Aleksandr Kalderin əsəri olduğunu öyrənib.

Qadın Filadelfiya İncəsənət Muzeyində Aleksandr Kalderin zərgərlik əsərlərindən ibarət sərgini ziyarət edib və öz boyunbağısını ekspertlərə göstərib. Mütəxəssislər onun həqiqətən də Kalder tərəfindən hazırlandığını təsdiqləyiblər. Hesab olunur ki, təxminən 1940-cı ildə yaradılan bu əsər itirilmiş hesab edilirdi.

2013-cü ildə boyunbağı müharibədən sonrakı və müasir incəsənətə həsr olunmuş “First Open” hərracı çərçivəsində “Christie’s”də satışa çıxarılıb. Onun ilkin qiyməti 200-300 min dollar arasında müəyyənləşdirilib.

Zinət əşyası 267 750 dollara satılıb. Bu, hərracda təqdim olunan zərgərlik nümunələri və miniatür əsərlər arasında ən yüksək nəticələrdən biri olub.

Alıcı qismində “European Trade” şirkəti göstərilib. Bu isə əşyanın kolleksiyaçının maraqlarını təmsil edən diler və ya qalereya tərəfindən alınmış ola biləcəyini ehtimal etməyə əsas verir.

Samir

0