Alimlər aslanlarla kaftarların qarşılıqlı münasibətləri barədə geniş yayılmış təsəvvürün yanlış ola biləcəyini müəyyənləşdiriblər. Yeni araşdırma göstərib ki, kaftarlar aslanların ovunu ələ keçirməyə o qədər də tez-tez cəhd etmirlər.
HİT.az xəbər verir ki, bu barədə “Science Focus” yazır.
Tədqiqatçılar Namibiya və Botsvanada 17 aslanın və 14 kaftarın üzərinə GPS xaltaları yerləşdiriblər. Qurğular gündüzlər hər beş dəqiqədən bir, gecələr isə hər 30 dəqiqədən bir heyvanların koordinatlarını ötürüb. Bunun sayəsində alimlər heyvanların təxminən 17,5 min kvadratkilometr ərazidə hərəkətini izləyə biliblər.
Tədqiqatın müəllifi, Kvazulu-Natal Universitetinin əməkdaşı Nensi Barker bildirib ki, bu mövzuya marağı qonur kaftarlar üzərində apardığı araşdırma zamanı yaranıb. O, iki növ arasındakı münasibətlərin göründüyündən daha mürəkkəb olduğunu ehtimal edib.
Minlərlə qarşılıqlı əlaqənin təhlili göstərib ki, erkək aslanlar mütəmadi olaraq kaftarların olduğu istiqamətə hərəkət edib, bundan sonra kaftarlar geri çəkiliblər. Bəzi hallarda onlar bir neçə kilometr məsafə qət ediblər. Dişi aslanların davranışı isə daha birmənalı olmayıb.
Kaftarların aslanların ovundan istifadə etməsi təsəvvürü tamamilə əsassız deyil
Bununla belə, tədqiqatçı vurğulayıb ki, kaftarların aslanların ovundan istifadə edən heyvanlar kimi ənənəvi təsəvvür edilməsi tamamilə əsassız deyil.
“Kaftarlar həqiqətən də aslanların ovundan istifadə edirlər – onların bu reputasiyası əsaslıdır. Biz hər iki tədqiqat sistemimizdə kaftarların dişi aslanlardan uğurla yemək aldıqlarını müşahidə etdik”, – Barker izah edib.
Lakin müəllifin sözlərinə görə, cəsədə yaxınlaşmaq kaftarın aslanın yanında özünü təhlükəsiz hiss etdiyi anlamına gəlmir.
Araşdırmada aslanların öz rəqiblərinə niyə yaxınlaşdıqları dəqiq müəyyən edilməyib. Barker ehtimal edir ki, aslanlar maraq göstərə, üstünlüklərini nümayiş etdirməyə çalışa və ya onları potensial ovun olduğu yerə aparacaq kaftarları izləyə bilərdilər.
Tədqiqatçı nəticələrin hətta yaxşı öyrənilmiş yırtıcılar haqqında da nə qədər çox naməlum məqamın qaldığını göstərdiyini bildirib.
“Əgər ən məşhur növlərdə belə fundamental bir məqam diqqətdən kənarda qalıbsa, təsəvvür edin ki, bütün dünyada təqib edilən və yaşayış areallarından çıxarılan yırtıcılar haqqında hələ nələri bilmirik”, – o deyib.
Barker həmçinin xəbərdarlıq edib ki, yırtıcıların yoxa çıxması hələ öyrənilməmiş davranış modellərinin və növlər arasındakı əlaqələrin geri dönməz şəkildə itirilməsinə səbəb ola bilər.
Samir


