Ağstafada şəhidlərimizin xatirəsinə həsr olunan açıq rayon birinciliyi keçirildi - FOTO

İDMAN
18:34 / 16.08.2022
1659

Ağstafada şəhidlərimizin xatirəsinə həsr olunmuş fudokan karate-do idman növü üzrə gənc və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.

Ağstafa şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunmuş idman yarışında Bakı, Sumqayıt, Gəncə şəhərləri və Ağstafa, Tovuz, Zərdab rayonlarından olan 200-ə dək idmançı öz qüvvəsini sınayıb.

Tədbirdə Ağstafa RİH başçısı Seymur Oucov, müavinləri, Vətən müharibəsi şəhidlərinin valideynləri, qazilər, Dünya Fudokan Federasiyasının səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himnimiz səsləndirilib.

Seymur Orucov çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən, şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısından söz açaraq bildirib ki,  yeniyetmə və gənclərin Vətənə layiq vətəndaş kimi yetişməsində, onlarda torpağa sədaqət və vətənpərvərlik ruhunun aşılanmasında Şəhidlərimizin xatirəsinə həsr olunmuş idman və bu kimi digər tədbirlərin təşkil olunması çox vacibdir.

Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə yüksək yerləri tutmuş idmançılar müvafiq medal və diplomlarla təltif olunublar.

0