Nar yeyərkən nələrə diqqət etməliyik?

MARAQLI
15:31 / 05.04.2024
392

"Demək olar ki, narın zərərləri yox dərəcəsindədir". 

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında bildirib.

O, nar yeyərkən nələrə diqqət etməli olduğumuzdan söz açıb:

"Narı istehlak edib, digər lifli qidaları qəbul etməmək qəbzliyə səbəb ola bilər. Ona görə də nar qəbul etdikdə mütləq şəkildə orqanizmə lazım olan su miqdarını içmək lazımdır. Həmçinin, qəbzliyin baş verməməsi üçün digər lifli qidaları da qəbul etmək vacibdir". 

347323

Ekspert qeyd edib ki, turş nar qəbul etməyin bəzi fəsadları ola bilər:

"Turş narı həddindən artıq və ya acqarına qəbul etdikdə mədə şirəsinin turşuluğu artır. Bu da mədədə yanmalara səbəb ola bilər. Ona görə də turş nar sevənlərə miqdarı keçməmək tövsiyə olunur. Xüsusilə də acqarına turş nar yeməmək lazımdır". 

Mütəxəssis nar şirəsi barədə də danışıb:

"Nar şirəsi sağlamlıq üçün çox faydalıdır. Ancaq nar şirəsini içdikdə bir insan üçün normadan artıq nar qəbul oluna bilər. Hər hansısa xroniki xəstəliyi olan və ya davamlı dərman qəbul edən insan nar şirəsi içərkən diqqətli olmalıdır. Çünki həmin narın tərkibindəki maddələrlə qəbul etdiyi dərmanlar reaksiyaya girə bilər. Bunun da bəzi problemlərə səbəb olma ehtimalı var. Buna da diqqət etmək tövsiyə olunur".

Pərviz

0