Bu gün tarixin vərəqlərində 6 noyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.
6 noyabr bir sıra görkəmli şəxsin doğum və ya vəfat günü kimi xatırlanır. Həmçinin, bu gün Azərbaycanda Milli Televiziya və Radio Günü, Finlandiyada Fin İsveç İrsi Günü, BMT səviyyəsində isə Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü kimi qeyd olunur. Beləliklə, tarixin 6 noyabrına nəzər salırıq.
6 noyabrda baş verənlər:
1926-cı ildə Azərbaycan Dövlət Radiosu təsis edilib. 1952-ci ildə M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası keçirilib. 1967-ci ildə Bakı metropoliteni təsis edilib və həmin gün “28 Aprel” (indiki “28 May”), “Gənclik”, “Bakı Soveti” (indiki “İçərişəhər”), “Nəriman Nərimanov” və “26 Bakı Komissarı” (indiki “Sahil”) metrostansiyalarının açılışı olub.
1972-ci ildə Bakıda “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”) və “Neftçilər” metrostansiyaları istifadəyə verilib. 1977-ci ildə Bakıda Nəriman Nərimanovun xatirə muzeyi açılıb. 1999-cu ildə Bakıda ilk “McDonald's” restoranı fəaliyyətə başlayıb. 2005-ci ildə isə Azərbaycanda parlament seçkiləri keçirilib. 2012-ci ildə Barak Obama, 2024-cü ildə isə Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçilib.
6 noyabrda doğulanlar:
1904-cü ildə dövlət xadimi Mir Teymur Yaqubov, 1945-ci ildə Xalq artisti, aktrisa Zərnigar Ağakişiyeva, 1956-cı ildə Əməkdar artist, aktrisa Şəfəq Əliyeva və 1984-cü ildə futbolçu Azər Həşimov dünyaya gəlib.
Həmçinin, 1494-cü ildə Osmanlı sultanı Süleyman Qanuni, 1558-ci ildə ingilis dramaturq Tomas Kid, 1661-ci ildə İspaniya kralı II Karl, 1869-cu ildə ingilis statistik və iqtisadçı Artur Bouli, 1876-cı ildə italyan opera müğənnisi Cüzeppe Anselmi, 1889-cu ildə fransız futbolçu və jurnalist Qabriel Ano, 1925-ci ildə fransız aktyor Mişel Buke, 1944-cü ildə banqladeşli aktyor Ali Zakir, Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz, 1970-ci ildə amerikalı aktyor İtan Houk, 1987-ci ildə serbiyalı tennisçi Ana İvanoviç, 1990-cı ildə alman futbolçusu Andre Şürrle və 1995-ci ildə portuqaliyalı futbolçu Andre Silva doğulub.
6 noyabrda vəfat edənlər:
1992-ci ildə xanəndə Şahmalı Kürdoğlu və 2009-cu ildə xalq yazıçısı Qılman İlkin dünyasını dəyişib.
Həmçinin, 1893-cü ildə rus bəstəkarı Pyotr Çaykovski, 2008-ci ildə alman aktyor Mixail Hinz, 2015-ci ildə İsrailin 5-ci prezidenti İshaq Navon, 2017-ci ildə ispan futbolçu Feliciano Rivilla, 2020-ci ildə britaniyalı idmançı Cun Foulds, 2024-cü ildə amerikalı aktyor Toni Todd və 2025-ci ildə ingilis aktrisa Polin Kollinz vəfat edib.
Pərviz


