Əhalini aldadan bankirlərə bu maddə tətbiq ediləcək – CİNAYƏT MƏCƏLLƏSİ

18:36 / 30.07.2020
1072

Xəbər verildiyi kimi, Mərkəzi Bankın sədri Elman Rüstəmov əhalinin inamından sui-istifadə edən və nəticədə onlara maddi zərər vuran bank işçiləri və bank rəhbərlərinin cazalandırılması ilə bağlı açıqlama verib.

HİT.Az-ın məlumatına görə, baş bankir bildirib ki, belə hallarda həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin maddələrinin tətbiq edilməsi ilə bağlı təşəbbüs hazırlanacaq.

«Cinayət Məcəlləsində belə hallara görə - dələduzluq, aldatma, vəzifə səlahiyyətlərindən istifadə etmə və saxtakarlıq üzrə maddələr var.

Mən hesab edirəm ki, bu maddələri bir daha konkretləşdirmək lazımdır. O cümlədən maliyyə xidmətlərinin istehlakçılarına, onlara yalan məlumat vermək və onları aldatmağa qarşı daha konkret cəzalar və müddəalar daxil edilməlidir.

Biz ictimaiyyət və aidiyyatlı qurumlarla danaşıq aparmalıyıq və bundan sonra təşəbbüslə çıxış edəcəyik»-deyə baş bankir bildirib.

FED.az xəbər verir ki, baş bankirin sadaladığı pozuntular Cinayət Məcəlləsində 178-ci «Dələduzluq» maddəsi ilə ümumiləşdirilib.

Bu maddəyə əsasən dələduzluğa yol verənləri cinayətin ağırlığına görə, 1000 manat cərimədən 14 il həbs cəzasına qədər müxtəlif cəzalar gözləyir.

Həmin maddə budur:

Maddə 178. Dələduzluq

178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—

min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

178.2. Eyni əməllər:

178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

178.2.2. təkrar törədildikdə;

178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

178.3. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə—

5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

178.4. Bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —

10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 100 manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000-50 000 manat məbləğ, “külli miqdar” dedikdə 50 000- 500 000 manat məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500 000 manatdan yuxarı olan mәblәğ başa düşülür.

0