Şəxsin razılığı olmadan görüntüsü yayıla bilərmi? - Vəkil açıqlayır

20:28 / 31.08.2020
851

“Şəxs cinayət törədibsə və onun haqqında qanuni qüvvəyə minmiş hökm yoxdursa, təqsirsiz sayılır. Əgər belə şəxsi əvvəlcədən televiziyaya çıxarıb danışdırırlarsa, bu, təqsirsizlik prinsipinin pozulmasıdır”.

Bunu Cebhe.info-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib.

Vəkil bildirib ki, qanuni qüvvəyə minmiş qərar və yaxud hökm yoxdursa, şəxs təqsirsizdir:

“Baxmayaraq özü də “mən təqsirkaram” deyir. Yaxud digər vəzifəli şəxslərin bu adam haqqında nələrsə deməsi, onun necə və hansı şəraitdə tutulmasını nümayiş etdirməsi təqsirkarlıq funksiyasının pozuntusudur. Bu halda təbii ki, bütün istintaq və araşdırma həmin yayıma uyğun aparılacaq. Bu isə qanunsuzdur”.

Pandemiya dövründə karantin qaydalarını pozan şəxslərin ekran qarşısına çıxarılmasına gəlincə, vəkil bu məsələnin qanunvericilik baxımından bütövlükdə tənzimlənmədiyini deyib:

“Tutaq ki, şəxs barədə məhkəmə qərarı var və sonradan o şəxsin fotosunu nümayiş etdirirlər. Amma şəxs televiziya qarşısında ifadə vermir. Bunun tam qanuniliyini iddia etmək olmaz. Əgər insan buna razı deyilsə, onun fotosunun və ya videosunun yayılması qanuni deyil”.

0