ABŞ təyyarələrdə telefon danışıqlarını qadağan etmək istəyir

DÜNYA
16:50 / 22.07.2026
50

ABŞ Nümayəndələr Palatasına ötən ay təyyarələrdə uçuş zamanı telefon və videozənglərin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub. Təşəbbüs göyərtədə "Wi-Fi" xidmətinin getdikcə daha geniş yayılması fonunda gündəmə gəlib. 

HİT.az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

Keçmiş stüardların sözlərinə görə, bəzi aviaşirkətlərdə telefon danışığı artıq daxili qaydalarla məhdudlaşdırılıb. Lakin qanunun qəbul edilməsi həm sərnişinləri, həm də ekipaj üzvlərini daha effektiv qoruyacaq.

"Bu, normal vəziyyət deyil. Əgər siz kiminsə yanında oturmusunuzsa və yüksək səslə danışmağa məcbursunuzsa, ətrafdakı sərnişinlərə ciddi narahatlıq yaradırsınız", – deyə "Virgin Atlantic" aviaşirkətinin keçmiş stüardı və sərnişin xidmətləri üzrə keçmiş rəhbəri Elli Mörfi bildirib.

Elli Mörfinin sözlərinə görə, məsələ yalnız etik davranış qaydaları ilə bağlı deyil.

Onun fikrincə, sərnişinlərin yüksək səslə telefon və ya videozəng etməsi ekipajın işinə mane ola bilər. Digər sərnişinlərin bu cür hallarla bağlı şikayətləri stüardların diqqətini yayındırır və ekipajın vacib elanlarının eşidilməsini çətinləşdirir.

Məqalədə qeyd olunur ki, ABŞ Konqresi hələ 2018-ci ildə Federal Mülki Aviasiya Administrasiyasına (FAA) təyyarələrdə telefon zənglərini qadağan etməyi tapşırsa da, bunun üçün son tarix müəyyən edilmədiyindən qərar qüvvəyə minməyib.

Demokratlar Qreq Stanton və Hillari Şolten, respublikaçılar Rik Krouford və Rob Bresnahan tərəfindən təqdim edilən yeni "Sakit səma" qanun layihəsi isə FAA-nı qadağanı 180 gün ərzində rəsmən təsdiqləməyə məcbur edəcək.

Hazırda müxtəlif aviaşirkətlər bu məsələni fərqli qaydalarla tənzimləyirlər.

ABŞ-ın "United", "American Airlines" və "Southwest Airlines" aviaşirkətləri uçuş zamanı telefon zənglərini tam qadağan ediblər.

Buna qarşılıq, "British Airways" "Starlink Wi-Fi" ilə təchiz olunmuş təyyarələrdə telefon və videozənglərə icazə verəcəyini açıqlayıb.

"Virgin Atlantic" isə "Starlink" sistemi olan reyslərdə telefon danışığına icazə versə də, zənglərin qısa olmasını xahiş edir və videozənglərə icazə vermir.

Keçmiş stüard və turizm eksperti Bobbi Lori hesab edir ki, müxtəlif aviaşirkətlərdə fərqli qaydaların tətbiqi sərnişinləri çaşdırır və ekipajın qaydaların icrasını təmin etməsini çətinləşdirir.

Onun sözlərinə görə, bu vəziyyət göyərtədə münaqişələrin yaranmasına səbəb ola bilər.

"FlyerRights" təşkilatının prezidenti Pol Hadson da telefon zənglərinin qadağan edilməsini dəstəkləyib. Bununla yanaşı, o, uzunmüddətli uçuşlar üçün xüsusi danışıq zonalarının yaradılmasını təklif edib.

Onun fikrincə, bu xidmət ödənişli ola bilər və həm işgüzar, həm də ailə məsələləri ilə bağlı danışmağa ehtiyacı olan sərnişinlərin tələbatını qarşılayar.

Hadson qeyd edib ki, ABŞ-də fəaliyyət göstərən "Amtrak" qatarlarında həm "sakit vaqonlar", həm də telefon danışığına icazə verilən vaqonlar mövcuddur.

Keçmiş stüard və etiket üzrə mütəxəssis Jaklin Uitmor da bu təşəbbüsü dəstəkləyib.

"Siz yanınızdakı sərnişindən cəmi bir qol məsafəsində oturursunuz və o, dediyiniz hər sözü eşidir. Heç kim başqasının telefon danışığını dinləmək istəmir", – deyə o bildirib.

Samir

0