ABŞ-da fərdi pensiya hesablarında ("Individual Retirement Account" – "IRA") milyonlarla dollar vəsait toplayan vətəndaşların sayı sürətlə artır.
HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ Konqresinin Vergitutma üzrə Birgə Komitəsinin məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, 2024-cü ildə 1000-dən çox amerikalının "IRA" hesabında ən azı 25 milyon ABŞ dolları olub. Bu göstərici 2019-cu illə müqayisədə iki dəfədən çox artım deməkdir.
Eyni zamanda, hesabında 10 milyon ABŞ dolları olan şəxslərin sayı da əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda belə hesab sahiblərinin sayı təxminən 11,6 min nəfərdir. Müqayisə üçün, 2019-cu ildə bu rəqəm cəmi 3625 nəfər idi.
Nəşrin sorğuladığı ekspertlərin fikrincə, pensiya yığımlarındakı bu kəskin artımın əsas səbəblərindən biri yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən startaplara uğurlu investisiyalar olub.
Məsələn, videooyun istehsalçısı "Roblox" 2021-ci ildə birjasaya çıxarkən səhmlərini 45 ABŞ dolları qiymətinə yerləşdirib. 2025-ci ilin sentyabrında isə şirkətin bir səhmi artıq 135 ABŞ dollarına satılırdı.
Bundan əlavə, yüksək texnologiya şirkətlərini əhatə edən "Nasdaq Composite" indeksi 2019-cu ildən bəri təxminən 7 min bənddən 25,8 min bəndədək yüksəlib.
Bu artım nəticəsində texnologiya sektorunun səhmlərinə sərmayə yatırmış "IRA" hesab sahibləri böyük gəlirlər əldə ediblər.
Hazırda bu tip pensiya hesablarına tətbiq olunan vergi dərəcələri aşağı olaraq qalır. Çünki onlar ilkin olaraq adi vətəndaşların pensiya dövrü üçün vəsait toplamasına kömək etmək məqsədilə yaradılmışdı.
Lakin "The Wall Street Journal" yazır ki, son illərdə siyasətçilər və tənzimləyici qurumlar "IRA" hesabları ilə bağlı vergi siyasətinə yenidən baxılmasının vacibliyini vurğulayırlar.
Onların fikrincə, bu hesablar getdikcə daha çox iri investorlar tərəfindən investisiya aləti kimi istifadə olunur və onlar eyni zamanda aşağı vergi dərəcələrindən faydalanmağa davam edirlər.
Samir


