Yer üzünün ən böyük balığı hesab olunan balina köpəkbalıqlarının davranışı ilk dəfə sualtı kameralar vasitəsilə qeydə alınıb. Nəticələr göstərib ki, bu nəhəng balıqlar əvvəllər düşünüldüyü kimi əsasən su səthində deyil, daha dərin qatlarda da qidalanırlar.
HİT.az xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.
Balina köpəkbalıqlarının həyatı haqqında indiyədək məlumatlar əsasən qayıqlardan və ya şnorkellə müşahidələr zamanı, yəni suyun üst qatlarında toplanırdı. Heyvanlar dərinliyə endikdə isə onları izləmək mümkün olmurdu.
Avstraliya Dəniz Elmləri İnstitutunun tədqiqatçıları Kristin Barri və Lusiana Ferreyra bu problemi həll etmək üçün köpəkbalıqlarının bel üzgəclərinə xüsusi kameralar yerləşdiriblər. Qurğular heyvanın baxış bucağından görüntü çəkib, 24 saat sonra isə avtomatik ayrılıb. Alimlər daha sonra cihazları toplayaraq görüntüləri əldə ediblər. Bildirilir ki, bu üsul heyvanlara heç bir zərər verməyib.
Əldə olunan videolar və yüzdən çox elmi araşdırmanın təhlili nəticəsində balina köpəkbalıqlarının davranışına dair indiyədək ən geniş kataloq hazırlanıb. Burada 36 müxtəlif davranış növü təsvir olunub.
Araşdırmanın ən mühüm nəticəsi balina köpəkbalıqlarının 70 metrədək dərinlikdə qidalanması olub. Alimlər onların həm açıq ağızla su qatında yavaş hərəkət edərək qidalandığını, həm də su səthinə yaxın ərazilərdə kril sürülərinə aktiv şəkildə hücum etdiyini müşahidə ediblər.
Tədqiqatçıların sözlərinə görə, balina köpəkbalıqları vaxtlarının böyük hissəsini az enerji sərf etməklə, su qatında az miqdarda qida qəbul edərək keçirirlər. Daha sıx kril toplusu ilə qarşılaşdıqda isə aktiv ov mərhələsinə keçirlər. Alimlər bu davranışı insanın əsas yeməyi hazırlayana qədər soyuducudan yüngül qəlyanaltı götürməsinə bənzədiblər.
Araşdırma həmçinin göstərib ki, balina köpəkbalıqları digər nəhəng filtrasiya ilə qidalanan heyvanlarla müqayisədə daha müxtəlif qidalanma strategiyalarına malikdir. Alimlərin fikrincə, bu xüsusiyyət onların qidanın az və qeyri-bərabər paylandığı tropik sularda sağ qalmasına kömək edir.
Hazırkı müşahidələr yalnız Qərbi Avstraliyadakı "Ningaloo" rifinin yaxınlığında yaşayan gənc balina köpəkbalıqları üzərində aparılıb. Tədqiqatçılar gələcəkdə dünyanın digər bölgələrində də bu üsulu tətbiq edərək nəsli təhlükə altında olan bu növ haqqında daha geniş məlumat əldə etməyi planlaşdırırlar.
Samir


