Azərbaycanda əmək münasibətlərində yeni yanaşmaların tətbiqi nəzərdə tutulur.
Belə ki, beynəlxalq praktikaya uyğun olaraq çevik iş vaxtı modellərinin yaradılması və həyata keçirilməsi planlaşdırılır. Bu istiqamət Prezident İlham Əliyevin təsdiqlədiyi Məşğulluq Strategiyasının icrasına dair 2026-2030-cu illər üzrə Tədbirlər Planında da yer alıb. Sənədə əsasən, qarşıdakı illərdə çevik iş rejimlərinin tətbiqinə hüquqi baza yaratmaq məqsədilə müvafiq normativ sənədlərin hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi nəzərdə tutulur.
Bəs Azərbaycanda tətbiq edilməsi planlaşdırılan çevik iş vaxtı rejimi hansı imkanları yaradacaq və bu model əmək bazarında nəyi dəyişəcək?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, çevik iş vaxtı rejimi əmək bazarında müasir idarəetmə modelinin tətbiqinə xidmət edən mexanizmdir:
“Bu sistemin əsas məqsədi işçinin işə başlama və bitirmə vaxtını müəyyən çərçivədə sərbəst seçməsinə imkan yaratmaqdır. Əsas şərt odur ki, əmək qanunvericiliyi və əmək müqaviləsi ilə müəyyən edilmiş ümumi iş vaxtı tam yerinə yetirilsin.
Bu model tətbiq olunacağı təqdirdə, işçilər iş və şəxsi həyat arasında daha yaxşı balans qura, nəqliyyat sıxlığından qismən yayınaraq vaxta qənaət edə və iş qrafikini fərdi ehtiyaclarına uyğunlaşdıra biləcəklər. Bu isə stressin azalmasına, iş məmnuniyyətinin və əmək məhsuldarlığının artmasına müsbət təsir göstərə bilər.
İşəgötürənlər üçün də çevik iş vaxtı müəyyən üstünlüklər yaradır. İş prosesinin daha səmərəli təşkili, işçi məmnunluğunun yüksəlməsi, kadr axınının azalması və bəzi hallarda inzibati xərclərin optimallaşdırılması mümkün ola bilər”.
Ekspert qeyd edib ki, bu model bütün fəaliyyət sahələrinə eyni qaydada tətbiq edilə bilməz:
“İstehsalat, səhiyyə, nəqliyyat, təhlükəsizlik və fasiləsiz xidmət tələb edən sahələrdə işin xüsusiyyətləri nəzərə alınmalıdır. Buna görə də çevik iş vaxtı daha çox ofis işi, informasiya texnologiyaları, maliyyə, konsaltinq və məsafədən işləməyin mümkün olduğu sahələrdə daha səmərəli hesab olunur.
Çevik iş vaxtının tətbiqi əməkhaqqının azalması və ya artırılması demək deyil. İşçi müəyyən olunmuş iş vaxtını və vəzifələrini tam yerinə yetirdiyi halda, əməkhaqqı əvvəlki qaydada ödənilməlidir. Bu modelin əsas məqsədi iş vaxtının həcmini deyil, onun təşkilini daha çevik və səmərəli etməkdir”.
Günel Cəlilova



