Azərbaycanda odlu silahı kimlər və necə əldə edə bilər – silah dükanlarından reportaj - FOTOLAR

ÖLKƏ
22:52 / 19.05.2021
1769

Tatarıstanda 19 yaşlı İlnaz Qalyaviyevin “Hatsan ESCORT” tüfəngi ilə silahlanaraq gimnaziyada qətliam törətməsi ölkədə gərginlik yaradıb. İlnaz Qalyaviyevin törətdiyi ağır cinayət nəticəsində 2 müəllim, 1 gözətçi və 7 şagird öldürülüb, 21 nəfər yaralanıb. Onlardan 18 nəfəri məktəblidir. İlnaz Qalyaviyev polisə təslim olub. Araşdırmalar zamanı məlum olub ki, İlnaz Qalyavyiev rəsmi olaraq silah icazəsini bu ilin aprel ayının 28-də alıb. Mart ayında Rusiya Qvardiyasının yerli şöbəsinə lisenziya üçün sənədlər təqdim edib və 1 ay sonra icazəni əldə edib. Sonra isə 2017-ci ildə istehsal olunmuş “Hatsan ESCORT” tüfəngini alıb. Qalyaviyev silah almaq üçün Yoşkar-Ola gedib. Satıcılar müstəntiqlərə deyiblər ki, İlnaz uzun müddət hansı silah alacağına qərar verə bilməyib, nəhayət, Türkiyə istehsalı olan silahı götürüb.

Belə qətliam xəbərləri ara-sıra dünyanın müxtəlif ölkələrindən gəlir. Mahiyyəti fərqli olsa da, 2009-cu ilin aprelində Azərbaycanda da oxşar qətliam törədilmişdi. Həmin il aprelin 30-da, səhər saatlarında Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb. Fərda Qədirov hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. İstintaqın versiyasına görə, sonra özünü də öldürüb.

Bəs Azərbaycanda silah əldə etmək asandırmı?

Bu suala cavab tapmaq üçün Bakının məşhur silah mağazalarına baş çəkdik. “Hanting Republic” mağazasında Kazan terrorçusu İlnaz Qalyaviyevin qətliamda istifadə etdiyi “Hatsan ESCORT” tüfənginin qiyməti ilə maraqlandıq. Bu silah satışda olmasa da, satıcı  “Hatsan ESKORT”un texniki göstəricilərinin sovetdən qalma tüfənglərdən xeyli geridə qaldığını söylədi. Qiymətin isə silahın hansı materiallarla işlənməsindən asılı olaraq dəyişdiyini bildirdi. Dedi ki, qundağı plastmas olan silahların qiyməti daha ucuz, qiymətli taxtadan olanların isə baha olur. Materiallara görə fərq 100 manatdan 1000 manata qədər ola bilər. Buradaca öyrənirik ki, mağazada ən bahalı silahın qiyməti 100 min manatdır. Fransada istehsal olunan bu tüfəng qoşa lülədir, 12 kalibrlik patronlar istifadə olunur. Satıcı qiymətin bahalığını “Yanik” adlı bu tüfəngin əl işi olması ilə izah etdi. Onun sözlərinə görə “Yanik” 1 ekzemplyarda hazırlanıb deyə qiyməti də “əl yandırır”. Türkiyə istehsalı olan “Churchill” tüfəngini 1000 manata, həm də 2 il zəmanətlə almaq olar.

12 kalbrlik “MÇ-9” tüfənfi 1500 manata, tam restavrasiya olunmuş, 16 kalibrlik “Toz-63” tüfəngi 1000 manata təklif olunur.

Satıcı köhnə tüfənglərin daha etibarlı olduğunu, nasazlıq yarandığı halda ustalarının daha tez tapıldığını qeyd etdi. Dedi ki, yeni tüfənglərə zəmanət 1-2 ildir. 50, bəzən 70 yaşlı köhnə tüfənglər isə on illərlə işlədilə bilər.

“Safari-Azərbaycan” silah mağazasında İtaliya istehsalı olan 12 kalibrlik “Benelli” tüfəngini  2500 manata təklif edirlər. 5 patron ehtiyatı olan bu tüfəng quş ovu üçün yararlıdır. Patronların qiyməti isə 60 qəpikdən 1 manat 60 qəpiyə qədər dəyişir. Bu mağazada “Hatsan Eskort” satışda var. Qiyməti 900 manatdan başlayır. 12 kalibrlik 4+1 patrondaşı var. Taxta qundaqla, 7+1 patrondaşı ilə bu tüfəng 1300 manata satılır.

Satıcı deyir ki, tüfəng almaq istəyən pulu nağd şəkildə ödəyəndən sonra 15 gün gözləməlidir. Üstəlik psixi sağlamlığı və narkoloji aslılığının olmaması barədə arayışı, 2 fotoşəkilini də təqdim etməli, xüsusi blank doldurmalıdır.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, silah əldə etmək üçün vətəndaş yaşadığı ərazidə polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edib xüsusi icazə almalıdır. İcazə üçün isə ərizə, şəkil, şəxsiyyət vəsiqəsi, tibbi arayış təqdim edilir, şəxsin məhkumluq haqqında vəziyyəti öyrənilir. Mülki silahlar şəxslərə onlar ovçuluq cəmiyyətlərinin üzvü olmasa belə verilir. Amma Azərbaycanda qanunvericilik deputatlara və icra hakimiyyəti orqanlarının müəyyənləşdirdiyi digər vəzifəli şəxslərə xidməti silaha sahib olmağa imkan verir. Lakin hər yer silahlardan istifadə etməyə açıq deyil. Hüquqşünas deyir ki, qanuna görə, əsasən, insanların sıx toplaşdığı yerlərdə silah istifadəsi qadağandır: Zəruri müdafiə vəziyyətini aşmamaqla mülki silahlardan istifadə oluna bilər. Amma sağlamlığa ziyan, kütləvi basqınlar, hücum anlarında silahlardan istifadəyə istintaqdan sonra bəraət qazandırıla bilər”.

Onun sözlərinə görə, silah verilməsində xüsusi icazədən alkoqolizm, narkomaniya, ruhi xəstəliklər, eləcə də, əvvəllər ağır cinayətlərə görə məhkum olunmuşların halında imtina olunur.

0
Musavat.com