“Baku Steel Company” MMC-nin keçmiş direktoru Rasim Məmmədovun cinayət işi üzrə istintaqı davam etsə də, zərərçəkənlər gedişatdan narazıdır.
Rasim Məmmədovun qanunsuz əməllərindən şikayətçi olan iqtisadçı alim Nazim Bəydəmirli HİT.Az-a bildirib ki, hələ də istintaq onu zərərçəkən qismində tanımayıb.
“Doğrudur, çağırıb ifadəmi alıblar. Amma zərərəçəkən kimi statusum hüquqi prosedurla müəyyən olunmayıb. Ümumiyyətlə, məndə belə təəssürat yaranıb ki, istintaq hərəkətləri aparılmır. Rasim Məmmədov da sadəcə sahiblərinə kələk gəldiyi üçün girov saxlanılır”, - deyə Nazim Bəydəmirli vurğulayıb.
O əlavə edib ki, Rasim Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin şikayəti əsasında həbs olunsa da, onun əməllərindən zərərçəkən xeyli sayda iş adamı var: “Rasim Məmmədov metal biznesini inhisara almaq üçün onlarla sexə basqın təşkil edib. Həmin sexlərin məhsulları, avadanlıqları ələ keçirilib. Bu barədə vaxtilə mediada da yazılıb. Ona görə də Rasim Məmmədov yalnız sahiblərinə kələk gəldiyinə görə mühakimə olunmamalıdır. Biz hüquqi dövlətdə yaşayırıq və müvafiq qurumlar qanunla müəyyən olunmuş səlahiyyətləri çərçivəsində üzərlərinə düşən vəzifəni yerinə yetirməli, digər zərərçəkənlərin də hüquqları tanınmalıdır”.
Nazim Bəydəmirlinin sözlərinə görə, məsələylə bağlı növbəti dəfə Prezident İlham Əliyevə, Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinə və İqtisadiyyat Nazirliyinə müraciət edib: “Bu müraciətlərdə qeyd etmişəm ki, Rasim Məmmədovun törətdiyi cinayətlərə görə etdiyim şikayətlər hələ də araşdırılmır”.
Bundan başqa, şikayətçi Avropa Məhkəməsinə də müraciət edib.
VÜQAR