BMT baş katibi seçkilərində lider namizəd açıqlandı

DÜNYA
11:27 / 30.09.2026
48

Kosta-Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspan BMT-nin yeni baş katibinin seçilməsi üzrə növbəti ilkin səsvermədə liderliyini qoruyur. 

HİT.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, dördüncü ilkin səsvermənin nəticələrinə əsasən, BMT Təhlükəsizlik Şurasının 10 üzvü Qrinspanın namizədliyini dəstəkləyib. Üç ölkə onun namizədliyinin əleyhinə çıxıb, daha iki ölkə isə bitərəf qalıb.

Mənbənin dəqiqləşdirdiyinə görə, keçmiş vitse-prezidentdən sonra Kerolayn Rodriges-Birkett və Rafael Qrossi gəlir. Onların hər birini səkkiz ölkə dəstəkləyib. Bununla belə, Qrossinin namizədliyinə yeddi ölkə, Rodriges-Birkettin namizədliyinə isə altı ölkə qarşı çıxıb.

BMT-nin yeni baş katibinin seçilməsi Təhlükəsizlik Şurasında namizədin razılaşdırılmasından və daha sonra onun Baş Assambleya tərəfindən təsdiqlənməsindən sonra başa çatmalıdır. Hazırkı baş katib Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı ilin sonunda başa çatır.

Sentyabrın 20-də Çilinin keçmiş prezidenti Mişel Baçelet BMT baş katibi vəzifəsi uğrunda mübarizədən çəkildiyini açıqlayıb. Bu qərar təşkilatın Təhlükəsizlik Şurasında keçirilən üçüncü qeyri-rəsmi səsvermədən sonra verilib. Həmin səsvermənin nəticələrinə əsasən, Baçelet səkkiz namizəd arasında yeddinci, yəni sondan əvvəlki yeri tutub.

Samir

0