Qırmızı diplomlar ləğv olunacaq? - AÇIQLAMA

ÖLKƏ
15:08 / 20.07.2023
704

Bir müddətdir qırmızı diplomların ləğv edilməsi ilə bağlı müzakirələr gedir.

Hətta deputatlar da bu məsələyə münasibət bildirərək, qırmızı diplomların heç bir üstünlüyü olmamasını tənqid edirlər. Reallıq budur ki, hazırda universiteti qırmızı diplomla bitirənlərlə digər məzunlar arasında heç bir fərq yoxdur. İşə qəbul zamanı da heç kim namizəddən qırmızı diplomu olub-olmadığını soruşmur. Yəni sözügedən fərqlənmə diplomu heç bir üstünlük gətirmir.

Belə olan halda sual yaranır: qırmızı diplomlar ləğv oluna bilərmi?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, qırmızı diplomlar bir növ motivasiyadır:

330313

"Qırmızı diplomlar ən azından rəqabətə imkan verir. Yəni tələbələr bu diplomu almaq üçün çalışırlar. Qırmızı diplomların ləğv olunacağını isə düşünmürəm. Gələcəkdə ideal bir cəmiyyət formalaşandan sonra həqiqi qırmızı diplom alanları fərqləndirmək olar. Amma indi fərqlənmə diplomlarının ləğv olunacağı gözlənilən deyil. Çünki bizim bir-birimizə inamımız və etibarımız yoxdur".

Ekspert işə qəbul zamanı qırmızı diplomu olanlara üstünlük veriləcəyi təqdirdə, yaşanacaq problemlərdən də söz açıb:

"Əgər qırmızı diplom alanları işə qəbul zamanı fərqləndirsək, onda problemlər meydana gələcək. Yəni onlar, heç bir imtahanda və ya müsabiqədə iştirak etmədən işlə təmin olunsa, avtomotik olaraq insanlar qırmızı diplom almaq üçün bütün mümkün yollardan istifadə edəcəklər. Belə olacağı təqdirdə, 5-10 nəfər əvəzinə, yüzlərlə, minlərlə qırmızı diplom alan məzun olacaq. Yəni proseslər obyektiv bir nəticə ortaya çıxarmayacaq və bütün hər şey formal xarakter daşıyacaq. Ondan sonra isə qırmızı diplomları ləğv etməyə məcbur ola bilərik".

Elçin Əfəndi diqqətə çatdırıb ki, hazırkı vəziyyətdə qırmızı diplomu ləğv etməklə heç bir dəyişiklik əldə etməyəcəyik:

"Nəzərə almaq lazımdır ki, hazırda yaxşı oxuyanlara qırmızı diplom verildiyi üçün tələbələr arasındakı rəqabət var. Bəlkə də, haçansa işə qəbul zamanı kimsə qırmızı diplomu olana üstünlük verə bilər. Lakin hazırda belə bir güzəşt və ya qırmızı diplomum ləğvi məsələsi gündəmdə yoxdur".

Pərviz

0