Bakteriofaqlar antibiotiklərin təsir etmədiyi bəzi bakterial infeksiyaların müalicəsində effektiv ola bilər. Lakin bu üsul xəstəyə uyğun virusların seçilməsini tələb edir və ənənəvi antibiotik müalicəsi ilə müqayisədə daha mürəkkəb proses hesab olunur.
HİT.az xəbər verir ki, bu barədə biologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Vinogradski adına Mikrobiologiya İnstitutunun laboratoriya rəhbəri Andrey Letarov “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, bakteriofaqlar bakteriyaların hüceyrələrinə daxil olaraq onların daxilində çoxalır. Bu prosesin sonunda bakteriya hüceyrəsi parçalanır və məhv olur. Bununla belə, bakteriofaqların bakteriyalarla münasibəti həmişə düşmənçilik xarakteri daşımır. Bəzi hallarda onların qarşılıqlı əlaqəsi daha mürəkkəb olur.
Bakterial infeksiyaların bakteriofaqlarla müalicəsi yeni yanaşma deyil. Bu sahədə ilk qeydə alınmış tədqiqatlar 1918-ci ilə, bakteriofaqların kəşf edilməsində mühüm rol oynamış Feliks d'Erellin araşdırmalarına gedib çıxır.
Letarov qeyd edib ki, hər bakteriofaq yalnız müəyyən bakteriya növlərinə və ya onların konkret ştammlarına təsir göstərir. Buna görə də bəzi preparatların tərkibində müxtəlif bakteriyalara qarşı yönəlmiş çoxsaylı bakteriofaq ştammları olur.
Alimin fikrincə, ən perspektivli yanaşmalardan biri fərdiləşdirilmiş faq terapiyasıdır. Bu üsulda əvvəlcə xəstədə infeksiyaya səbəb olan bakteriya müəyyənləşdirilir, daha sonra məhz həmin bakteriyaya təsir edən bakteriofaqlar seçilir. Belə müalicə xüsusilə patogenin əsas antibiotiklərə davamlı olduğu hallarda faydalı ola bilər.
Mütəxəssis əlavə edib ki, bakteriyalar bakteriofaqlara qarşı da davamlılıq qazana bilər. Lakin bu halda başqa bakteriofaq seçmək yeni antibiotikin hazırlanması ilə müqayisədə daha asan ola bilər. Bəzi hallarda faq davamlılığı qazanan bakteriyaların xəstəlik törətmə qabiliyyəti zəifləyir və onlar antibiotiklərə daha həssas olurlar.
Samir


