Makiajın zərərləri: Quru və yağlı dəri, allergiya, erkən qırışlar...

ÖLKƏ
21:10 / 22.09.2023
478

İstər hər gün, istərsə də ayda bir dəfə də olsun, demək olar ki, bütün xanımlar makiyaj edir və makiyajı çox sevirlər. Dərimizi hamar göstərən makiyajın zərərləri saysız-hesabsızdır. Bəs, makiyajın dəriyə zərərləri nələrdir və bu zərərləri minimuma endirmək üçün nə etmək olar?

Hit.az bununla bağlı araşdırma hazırlayıb.

*Quru dəri yaratması

Makiyaj materialları dəridə olduğu müddətcə dəridən nəm çəkir və quruluğa səbəb olur. Nə qədər nəmləndirsəniz də, makiyaj etdiyiniz müddətcə dəriniz quruyacaq. Hal-hazırda nəmləndirici tonal kremlər, su əsaslı pudralar və örtücülər, nəmləndirici xüsusiyyətli pomadalar satılır. Bu materiallar dərinin nəm balansına digərlərindən daha çox diqqət yetirir.

*Dərini daha tez qocaltması

Tonal kremin qalın təbəqələri və keyfiyyətsiz makiyaj dərinin dərinliyinə nüfuz edir. Ağız ətrafındakı və göz ətrafındakı qırışların arasına yerləşir. Adi dəri təmizləmə zamanı asanlıqla təmizlənə bilməz. Lakin kimyəvi pilinq kimi dərinin dərin təmizlənməsi ilə aradan qaldırıla bilər. Bu keyfiyyətsiz materiallar sonradan dərinin qurumasına, solğunlaşmasına, qırışmasına və vaxtından əvvəl qocalmasına səbəb olur

*Sızanaq problemi

Dərini mütəmadi olaraq təmizləmək və havalandırmaq lazımdır. Dəri nəfəs almasa və məsamələri açılmasa, bu məsamələr tıxanacaq və sızanaq problemləri yaranacaq. Dəridə yağ bezləri, sızanaq problemləri, qara ləkələr keyfiyyətsiz makiyaj materiallarından istifadə etmək, dərini mütəmadi olaraq təmizləməmək kimi səbəblərdən yaranır.

Makiyajdan sonra dərini 12 saat ərzində təmizləmək lazımdır. İstifadə etdiyiniz makiyaj materialının xüsusiyyətlərindən asılı olaraq müxtəlif materiallarla dərini təmizləyə bilərsiniz. Zaman zaman dəri təmizləyici maskalar, dəri nəmləndirici maskalar hazırlamaq və peşəkar dəri müalicələri almaq kömək edə bilər.

*Yağ təbəqəsini yaratması

Üzə tətbiq olunan tonal krem, makiyaj bazası, bəzi kremlər, ənliklər və digər makiyaj materialları dəridə qalın yağ təbəqəsi yaradır. Adi dəri təmizləyici materiallarla çətin çıxarılan bu maddələr dəridə qaldıqda dərinin parlamasına səbəb olur.

Dəriniz qurudursa, yağlı makiyaj məhsullarından istifadə etməyin. Dərisi yağlı olanlar quru, quru dərisi olanlar isə yağlı maddələrdən istifadə etməlidirlər fikri tamamilə yanlışdır. Quru dərilər üçün istehsal edilən xüsusi makiyaj məhsullarına üstünlük verilməlidir. Bundan əlavə, su əsaslı makiyaj materialları quru və həssas dərilər üçün uyğundur.

*Allergiyaya səbəb olması

Demək olar ki, bütün makiyaj məhsulları bazara çıxarılmazdan əvvəl sınaqdan keçirilir. Çünki allergiya çox ciddi bir problemdir. Allergiyanız olan hər hansı maddədən istifadə etsəniz, dərinizdə həddindən artıq qızartı və səpgilər əmələ gələ bilər, ürək döyüntüsü də daxil olmaqla müxtəlif reaksiyalar baş verə bilər. Buna görə də, makiyaj materiallarına allergiyanızın olmadığından əmin olmalısınız.

Makiyajın ən böyük zərərlərindən biri də allergiyaya səbəb ola bilməsidir. Bunun qarşısını almaq üçün hər hansı bir makiyajı istifadə etməzdən əvvəl üzünüzün və ya əlinizin kiçik bir yerində sınaqdan keçirməlisiniz. Allergiyaya səbəb olmazsa, sonradan istifadə edə bilərsiniz.

Bəs makiyajın zərərini minimuma endirmək üçün nə etmək olar?

*Əvvəla, heç vaxt makiyajınızı silmədən və dərinizi təmizləmədən yatmayın. Makiyajı təmizləmədən yuxuya getsəniz səhərə qədər bütün o kimyəvi maddələr dərinizə daxil olacaq. Buna görə də mütləq dərinizi yatmadan öncə dərindən təmizləməlisiniz. Makiyajınızı təmizlədikdən sonra tonikdən istifadə edin. Daha sonra nəmləndiricilərinizi tətbiq edin və dərinizi gecəyə hazırlayın və gecə kremi və ya maska ​​ilə yatın.

*Keyfiyyətsiz və ya ikinci əl satılan makiyaj materialları seçməyin. Mümkün olduqda üzvi, daha az kimyəvi tərkibli və yüksək keyfiyyətli olanları seçin. Dərinizə zərər versəniz, sonradan onu düzəltmək sizə daha çox baha başa gələcək.

*Makiyajdan əvvəl dərinizi mütləq nəmləndirin. Bu sayədə istifadə etdiyiniz makiyaj məhsulları dərinizlə birbaşa təmasda olmur və beləliklə üzünüzü müəyyən qədər qoruyur. Bəzi makiyaj yağları və ya dəri bazası kremləri dərini çox yaxşı nəmləndirir və qoruyur.

*Ehtiyacınız yoxdursa, makiyaj saxlayan spreylərdən istifadə etməyin. Unutmayın ki, bu spreylər digər makiyaj materiallarından daha qalıcı və zərərlidir.

Bir sözlə, makiyajın dəriyə zərərini azaltmaq üçün ən vacib məqamlar dərini yaxşı təmizləmək və dəriyə uyğun təbii məhsullardan istifadə etməkdir

Aynur Əli

0