Son zamanlar bir valideynlə yaşayan uşaqların sayı 2 dəfə artıb. Ekspertlərin fikrincə, bir valideynlə böyüyən uşaqların həm fiziki, həm də psixoloji sağlamlığında olan problemlər iki valideynlə böyüyən uşaqlara nisbətən daha çox olur. Odur ki, ailələrin dağılması uşaqların bilavasitə pozulmasına təsir edən faktordur.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində deyib ki, tək valideynlə yaşayan uşaqların sayı son illər artır:
“Bəllidir ki, son illər boşanmaların sayı artıb. Sanki cütlüklər ayrılmaq üçün ailə qururlar. Uşaq olandan sonra ailələr ayrılıq qərarını verirlər.
İzdivac dağılırsa, uşaq ya atada, ya da anada qalmalı olur. Əksər hallarda uşaqlar analarla qalır. Lakin müasir Azərbaycan ailəsi öz quruluşunda əvvəlki ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə fərqlənir.
Gənc ailələr hər xırda çətinliyi problemə çevirirlər. Nəticədə ailə dağılır. Problemin yaranmasının səbəblərindən biri gənclərin biri-birini tam tanımadan ailə qurmasıdır. Ailə qurmaq xətrinə ailə qurulanda nəticəsi ağır olur. Təəssüf ki, əziyyəti çəkən uşaq olur. Boşanmış ailələrin övladları isə psixoloji travma ilə üzləşirlər. Onlar ilk növbədə ya atasızlıq, ya da anasızlıq travması ilə yaşayırlar. Tək valideynlə yaşayan uşaqların sayının artmasının səbəblərindən biri də nikahdan kənar dünyaya gələn uşaqların artmasıdır”.
Sevinc