Polşaya ABŞ-dan yeni 4 milyard dollarlıq hərbi kredit - Vəsait nəyə xərclənəcək?

DÜNYA
18:59 / 12.09.2026
50

ABŞ Polşaya hərbi texnika və silah alınması üçün daha 4 milyard dollar kredit ayırıb. Yeni maliyyələşdirmə Foreign Military Financing (FMF) proqramı çərçivəsində həyata keçiriləcək.

HİT.az xəbər verir ki, bu barədə "Defense Express" yazıb.

Kredit vəsaiti ABŞ istehsalı olan silah və hərbi texnikanın alınmasına yönəldiləcək. Razılaşmanın imzalanması Polşa hökuməti tərəfindən təsdiqlənsə də, vəsaitin tam olaraq hansı layihələrə bölüşdürüləcəyi əvvəlcə açıqlanmayıb.

Polşanın müdafiə nazirinin müavini Pavel Beyda isə sonradan 4 milyard dollarlıq kreditin istifadə istiqamətləri barədə məlumat verib. Onun sözlərinə görə, vəsaitin bir hissəsi “Barbara” adlı kəşfiyyat aerostatlarının maliyyələşdirilməsinə yönəldilir.

Maliyyələşdiriləcək layihələr arasında AH-64E Apache hücum helikopterləri, F-16 qırıcılarının modernləşdirilməsi və “Wisla” hava hücumundan müdafiə proqramı da yer alır. Sonuncu layihə çərçivəsində “Patriot” sistemləri üçün buraxılış qurğuları və raketlərin alınması nəzərdə tutulur.

Polşalı nazir müavini həmçinin ölkənin ağır nəqliyyat helikopterləri əldə etməsinin tərəfdarı olduğunu bildirib.

Məlumata görə, Polşa 2022-ci ildən etibarən yeni razılaşma nəzərə alınmadan ABŞ-dan ümumilikdə 7 milyard dollardan çox hərbi kredit əldə edib. Son 4 milyard dollarlıq kreditlə bu məbləğ təxminən 11 milyard dollara çatacaq.

ABŞ-ın FMF proqramı Avropa İttifaqının müdafiə qabiliyyətinin artırılması üçün yaratdığı SAFE kredit mexanizmini tamamlayır. Polşa eyni zamanda SAFE proqramının ən böyük benefisiarı hesab olunur. Varşavaya bu çərçivədə 43,7 milyard avro, yəni təxminən 50,8 milyard dollar həcmində kredit ayrılıb.

Polşanın son illərdə müdafiə xərclərini və hərbi imkanlarını sürətlə artırması fonunda ABŞ-dan alınan yeni kredit ölkənin silahlanma proqramının maliyyələşdirilməsində mühüm rol oynayacaq.

Samir
 

0