ISS-də astronavtların çirkli geyim problemi belə həll olunur - Paltaryuyan yoxdur

DÜNYA
19:58 / 12.09.2026
38

Beynəlxalq Kosmik Stansiyada (ISS) astronavtların gündəlik həyatında maraqlı problemlərdən biri geyimlərin yuyulmasıdır. Kosmik stansiyada paltaryuyan maşın yoxdur və bunun əsas səbəbi suyun son dərəcə qiymətli resurs olmasıdır.

HİT.az xəbər verir ki, bu barədə "Space Daily" yazıb.

ISS-də hər damcı suya qənaət edilir. Su ya Yer kürəsindən kosmosa daşınır, ya da stansiyanın xüsusi sistemləri vasitəsilə astronavtların təri, sidiyi və nəfəsindən yaranan nəmlikdən bərpa olunur. Stansiyada istifadə edilən suyun təxminən 90 faizi yenidən dövriyyəyə qaytarılır.

Bu səbəbdən paltarların yuyulması üçün əlavə su sərf etmək sərfəli hesab edilmir. Astronavtlar geyimlərdən mümkün qədər uzun müddət istifadə edir, istifadə müddəti başa çatdıqdan sonra isə onları adi tullantılarla birlikdə xüsusi kisələrə yerləşdirirlər.

Məsələn, astronavtların idman geyimləri təxminən iki həftə istifadə oluna bilər. Bunun səbəbi ekipaj üzvlərinin mikroqravitasiya şəraitində sümük və əzələ kütləsinin itirilməsinin qarşısını almaq üçün hər gün ən azı bir saat fiziki məşq etməsidir. Alt paltarların dəyişdirilmə tezliyi isə astronavtın şəxsi seçiminə görə dəyişir.

İstifadəyə yararsız hala gələn geyimlər stansiyanın digər tullantıları ilə birlikdə yığılır. Buraya qida qalıqları, qablaşdırmalar, köhnəlmiş avadanlıqlar və digər məişət tullantıları da daxildir. Tullantılar kisələrə doldurularaq həmin vaxt ISS-ə qoşulmuş yük gəmisində saxlanılır.

Yük gəmisi missiyasını başa vurduqda tullantılar da onunla birlikdə stansiyadan uzaqlaşdırılır. Bir çox yük gəmisi Yer atmosferinə daxil olarkən yanaraq məhv olur. Beləliklə, astronavtların illərlə istifadə etdiyi geyimlər də kosmosdan Yerə qayıdan yük gəmisinin tərkibində məhv edilir.

Bəzi gəmilər isə istisnadır. Məsələn, “SpaceX” şirkətinin “Dragon” kapsulu Yerə bütöv şəkildə qayıda bilir və paraşütlə Sakit okeana enir.

Bu yanaşma kosmik uçuşlarda resurslardan səmərəli istifadə baxımından vacib hesab olunur. Çünki orbitə hər kiloqram əlavə yükün göndərilməsi böyük xərc tələb edir və su kimi resursların kosmosa daşınması xüsusilə bahalıdır.

Maraqlıdır ki, ISS-də geyimlə bağlı problem gələcək uzunmüddətli kosmik missiyalar üçün də əhəmiyyət daşıyır. Ay və Marsa planlaşdırılan uçuşlarda ekipajın aylarla və ya illərlə eyni yerdə qalması nəzərdə tutulduğundan, geyimlərin təmizlənməsi və təkrar istifadəsi üçün yeni texnologiyalara ehtiyac yarana bilər.

Samir
 

0