Uşaqlarda qan azlığı - Səbəb nə ola bilər?

ÖLKƏ
20:00 / 13.02.2024
208

Azərbaycanda anemiya diaqnozu qoyulan uşaqların sayı artır. 

Uşaqlarda qan azlığının nə səbəbdən artması barədə fikir bildirən pediatr Mətanət Əliyeva Hit.az-a qeyd edib ki, anemiya uşaqlarda tək problem olaraq qalmır və o, ümumi sağlamlığa da mənfi təsir göstərir: 

“Bu cür uşaqlar çox zəif olurlar, tez-tez kəskin infeksiyalara yoluxurlar, xəstələnirlər. Dəmir və hemoqlobini aşağı olan uşaqların immuniteti də zəif olur. Bir az böyük, məktəbə gedən uşaqların zehinləri yaxşı olmur, dərsi yaxşı qavraya bilmirlər. Çox vaxt bu cür problemi olan uşaqların valideynləri onların dərslərini pis oxumalarından, narahatlıqlarından, saçlarının tökülməsindən, iştahsız olmalarından və s. problemlərdən şikayətlənirlər. Bu cür uşaqların çəkiləri də az olur”.

Pediatr qeyd edib ki, uşaqlıqda anemiya olması böyüyəndə bu problemdən əziyyət çəkməsinə səbəb olmur: 

“Uşaq vaxtı bu problem olanda onun səbəbini tapıb həll etmək lazımdır. Sadəcə olaraq, anemiyanın uşaqda hansı səbəbdən yarandığını tapıb, problemi aradan qaldırmaq lazımdır. Mədə-bağırsaq pozuntusu, qurd xəstəliyi və ya düzgün qidalanmamaq səbəbləri aradan qaldırılırsa, anemiya da yox olur. Bu elə xəstəlikdir ki, çox vaxt sağalır. Gərək valideynlər məsuliyyətli olsunlar. Bəzən qan azlığının, dəmir çatışmazlığının böyük problem olmadığını, şirələr verməklə düzələcəyini düşünürlər. Amma uşaq gərək nə qədər şirə içsin ki, dəmirin miqdarı qalxsın. Uşaq isə damcı-damcı şirə içir. Bu, dəmirin miqdarını qaldırmaq üçün yetərli ola bilməz. Zəngin müalicə getməlidir, dəmir preparatlarından da istifadə edilməlidir”.

Sevinc

0