Uşaqlar kiçik yaşlarından şəkil çəkməyi, plastilindən fiqurlar düzəltməyi ən əyləncəli oyun hesab edir. Əslində, bu məşğuliyyətlər uşaqların təkcə əyləncəsi üçün deyil, həm də zehni inkişafında əvəzsiz rol oynayır.
Uşaqların sevə-sevə istifadə etdiyi plastilinlərin müsbət cəhəti odur ki, uşaq həmin vasitə ilə xəyalında canlandırdığı hansısa əşya və ya heyvan formasını düzəldir. Bu səbəbdən də valideynlər övladının zehni inkişafı üçün onlara müxtəlif rəngdə plastilin alır.
Amma bu gün bazarda Çin istehsalı olan keyfiyyətsiz plastilinlər satılır. Həmin plastilinlərdən istifadə edənlər bildirir ki, bununla heç bir fiqur düzəltmək olmur.
Uşaq psixoloqu Aynur Əliyeva Hit.az-a deyib ki, uşaqların zehni inkişafı üçün plastilinlər mükəmməl vasitədir:
"Çünki bununla uşaqlar cizgi filmlərindən izlədiyi qəhrəmanların surətini və ya qidalandığı meyvə-tərəvəzin formasını hazırlaya bilər.Bazarda satılan uşaq oyuncaqlarının bir qismi Çin istehsalıdır. Valideynlər həmin ölkənin istehsalı olan plastilinləri almaqla, övladının sağlamlığını böyük təhlükəyə məruz qoyur. Bəllidir ki, plastilin əl ilə formaya salınır. Keyfiyyətsiz plastilinlə təmas olunarsa, bu, ilk növbədə, dəri xəstəliyinə səbəb ola bilər. Həmçinin, o da bəllidir ki, bu gün azyaşlı uşaqlar əllərində olan plastilini bəzən ağzına da vurur. Yəni düzəltdiyi meyvə formasında olanı canlı bilib onu dadmaq istəyir. Bu halda uşağın sağlamlığında ciddi problem yaranır. Çindən gətirilən plastilinlərin keyfiyyəti çox aşağıdır. O əşyalara o qədər boya vurulur ki, adamın əlləri rəngli olur. Keyfiyyətsiz plastilinlər uşaqlarda iflic, nitqin itməsi, hərəkət-dayaq sisteminin pozulması kimi təhlükəli xəstəliklərə səbəb olur”.
Sevinc