Övladların sağlam şəxsiyyət kimi formalaşması hər zaman ailələrin diqqət mərkəzində olan məsələlərdən biri olub.
Valideynlər uşaqların davranış və xarakterinin formalaşdırılmasında müxtəlif üsullara müraciət edirlər. Bir çoxları bu prosesdə öz həyat təcrübələrinə və ailədən gördükləri nümunələrə üstünlük verirlər. Digər tərəfdən, bəzi valideynlər müasir yanaşmalara üstünlük verərək pedaqoqların və psixoloqların tövsiyələrindən faydalanmağa çalışırlar. Bununla belə, seçilən tərbiyə metodundan asılı olmayaraq, ailədaxili münasibətlərdə müəyyən çətinliklər və fikir ayrılıqları yarana bilir.
Onu da bildirək ki, ailə münasibətlərində nəsillər arasında müəyyən məsafənin mövcudluğu uzun illərdir müşahidə olunan hallardan biridir. Bu səbəbdən də həm valideynlər, həm də övladlar bir-birlərinin düşüncələrini və hisslərini tam başa düşmədiklərini düşünürlər. Qarşılıqlı etimad və açıq ünsiyyət zəif olduqda ailədaxili anlaşılmazlıqların yaranması qaçılmaz olur.
Uşaq özünü ailədə rahat ifadə edə bilmədikdə dəstəyi və anlayışı başqa mühitlərdə axtarmağa başlayır. Belə hallarda ev onun üçün mənəvi bağlılıq məkanı deyil, sadəcə gündəlik ehtiyaclarını qarşıladığı bir yerə çevrilə bilər.
Bir çox ailələrdə uşaqların tərbiyəsi əsasən anaların üzərinə həvalə olunur, ataların iştirakı isə məhdud qalır. Halbuki sağlam tərbiyə prosesinin formalaşması üçün hər iki valideynin fəal iştirakı vacibdir. Ata və ana övladlarının inkişafında eyni dərəcədə rol almalı, bütün uşaqlara ayrı-seçkilik etmədən diqqət və qayğı göstərməlidirlər. Sevgi, anlayış və dəstək üzərində qurulan münasibətlər isə uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir.
Günel Cəlilova


