İslam İnkişaf Bankının Malayziyanın paytaxtı Kuala-Lumpurda fəaliyyət göstərən Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi Bakıda keçirilən İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunan Halal Forumda Azərbaycanın halal sektorunda böyük potensiala malik olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ölkə həm halal məhsul və xidmətlərin inkişafında, həm də regionda bu sahə üzrə əməkdaşlıq və ticarət əlaqələrinin genişlənməsində önəmli mövqeyə sahib ola bilər.
Bəs halal iqtisadiyyat hansı sahələri əhatə edir və Azərbaycanda bu istiqamətdə mövcud vəziyyət necə qiymətləndirilir?
Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında deyib ki, Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə illik toplantısında ölkə başçısı İlham Əliyevin iştirak etməsinin Azərbaycanın sözügedən qurumla əməkdaşlığa böyük önəm verdiyini bir daha təsdiq edir:

“Bununla yanaşı, həmin tədbir ölkəmiz üçün mühüm platformalardan biridir. Toplantıda müzakirə olunan məsələlərdən biri də halal dəyər zəncirinin formalaşdırılması ilə bağlıdır. Azərbaycan iqtisadiyyatında İslam bankçılığının inkişafı və halal dəyər zəncirinin genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir”.
Millət vəkili xüsusi olaraq vurğulayıb ki, qida sənayesində halal standartlarının tətbiqi böyük əhəmiyyət daşıyır:
“Bu kontekstdə Azərbaycan həm İslam İnkişaf Bankının üzvü kimi prosesdə iştirak edir, həm də bu sahədə müəyyən standartlar formalaşdırılıb. Həmin standartların tətbiqi növbəti mərhələlərdə də davam etdiriləcək. Bu baxımdan Azərbaycan İslam dünyasında halal dəyər zəncirinin formalaşmasına töhfə verən ölkələrdən biridir”.
Günel Cəlilova


