İnfluenserlik ixtisası yaradılacaq?

TƏHSİL
15:14 / 18.06.2026
164

İnfluenserlik son illərdə həm reklam bazarında, həm də rəqəmsal mediada böyük təsir gücünə malik sahələrdən birinə çevrilib. 

Brendlərin bu istiqamətə ciddi büdcələr ayırmasına baxmayaraq, ali təhsil müəssisələrində influenserlik üzrə ayrıca bakalavr və magistr proqramları mövcud deyil. Yeni yaratdığı brendini inamla influenserlərə əmanət edən şəxlər, onlar vasitəsilə geniş kütləyə çatmağa çalışır.

Nə üçün bu qədər kütləyə əli çatan, müəyyən sosial anlaşılmazlıq çərçivəsində bir məsələni gündəmə gətirə bilən və güclü reklam vasitəsi olan sahə üçün ayrıca influenserlik və brend tanıtımı ixtisası yaradılmır?

Mövzu ilə bağlı Azərbaycanın Gənc Alimi, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Hit.az-a açıqlamasında bildirib ki, influenserlik böyük reklam büdcələrinə sahib olsa da, hələ də müstəqil universitet ixtisası hesab edilmir:


“Ümumiyyətlə, brendlərin reklam büdcələrinin böyük hissəsi influenserlərə verilir. Buna baxmayaraq, ali təhsil müəssisələrində ayrıca influenserlik üzrə bakalavr, magistr açılmamasının fundamental səbəbləri var. İnfluenserlik peşə deyil, mövcud peşənin alətidir. Müstəqil elmi sahə deyil. Marketinq və PR elminin daxilində sadəcə kommunikasiya kanalıdır. Eyni zamanda, universitetlər alətlərə görə yox, fundamental elmlərə görə ixtisaslaşırlar. 

Məsələn, telekanal aparıcılığı və ya bilboard adlı ixtisas yoxdur. Bunun əvəzində jurnalistika və marketinq ixtisası var və o tədris edilir. Eynilə, influenserlik də bu mahiyyəti daşıyır. Bakalavr proqramlarının hazırlanması, akkreditasiyası və təsdiqi illər çəkir. Rəqəmsal dünya aylarla yetişir və kifayət qədər sürətlə dəyişən texnologiyalardır”.

Ekspert qeyd edib ki, influenserlərin inam qazanma səbəblərindən biri təməl ixtisas bazalarına sahib olmalarıdırlar:
“Bu istiqamətdə ixtisas tədris olunarsa, 4 ildən sonra aktuallığını itirə bilər. Universitetlər müvəqqəti trendlərə investisiya etmirlər. Bu mənada ən uzun ömürlü influenserlər fərqli peşə sahibidirlər, məsələn, aşpazlar, həkimlər və s. İnsanlar onlara sadəcə influencer olduqları üçün deyil, öz sahələrini yaxşı bildikləri üçün inanırlar”.

Həmsöhbətimiz vurğulayıb ki, influenserliyin digər proqramların içərisində tədrisi mümkündür və buna görə də ayrıca ixtisas kimi fəliyyətinin olmaması doğru addımdır:
“Universitetlər influenserlik ixtisası açmasalar da, bu tələbə biganə qalmırlar. Eyni zamanda, hazırda dünyanın təhsil tutumlu olan ölkələrindən, məsələn, Amerika və Avropanın digər universitetlərində, eləcə də marketinq və biznes ixtisasının daxilində rəqəmsal marketinq, sosial media marketinqi adlı xüsusi proqramlar tədris edilir. 

Təhsil sistemi influenserliyi ayrıca bir fakültə kimi deyil, müasir marketinqin tərkib hissəsi kimi aşılayır. Düşünürəm ki, yanaşma doğrudur, bu istiqamətdə influenserlik və brend tanıtımı üçün ixtisasın yaradılmaması haqlı səbəbdir və ayrı-ayrı ixtisaslarda tədrisi mümkündür”.

Arzu İbrəhimova

0