İnsan davranışlarının və xarakter xüsusiyyətlərinin formalaşmasında ailə, sosial mühit və tərbiyənin mühüm rol oynadığı qəbul edilsə də, fərqli şəraitdə böyüyən uşaqlarda bənzər davranışların müşahidə olunması hər zaman maraq doğuran mövzulardan biri olub.
Bir-birindən uzaq mühitlərdə yaşayan, fərqli ailə dəyərləri ilə yetişən və müxtəlif həyat təcrübələri qazanan uşaqların müəyyən hallarda eyni reaksiyalar verməsi, oxşar xarakter cizgiləri nümayiş etdirməsi diqqətçəkən məqamlardandır.
Görəsən nə üçün eyni mühitdə böyüməyən uşaqlarda bənzər davranışlar və ya xasiyyətlər müşahidə edilə bilir?
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, insan xarakterinin formalaşması təkcə böyüdüyü mühitdən asılı deyil:

“Uşağın dünyaya gətirdiyi fərdi xüsusiyyətlər, irsi faktorlar, sinir sisteminin quruluşu və emosional xüsusiyyətləri onun davranışlarına birbaşa təsir göstərir. Buna görə də müxtəlif ailələrdə və fərqli şəraitdə yetişən uşaqlarda bəzən eyni xarakter cizgilərinin və davranış xüsusiyyətlərinin müşahidə olunması təbii hal hesab edilir”.
Ekspert vurğulayıb ki, qloballaşan dünyada uşaqların təsirləndiyi mənbələr getdikcə daha çox ortaq xarakter daşıyır:
“Kütləvi informasiya vasitələri, rəqəmsal platformalar, məktəb həyatı və yaşıd çevrəsi onların baxışlarının formalaşmasına mühüm təsir göstərir. Bu səbəbdən fərqli bölgələrdə yaşayan və müxtəlif ailələrdə böyüyən uşaqların maraqlarında, davranışlarında və hadisələrə münasibətində müəyyən oxşarlıqların yaranması mümkündür”.
Günel Cəlilova


