Alimlər külək turbinlərinin səmərəliliyini artırma yollarını araşdırmağa davam edirlər. Bərpa olunan enerji mənbələri inkişaf etsə də, nüvə energetikası hələ də ən effektiv elektrik istehsal üsullarından biri olaraq qalır.
HİT.az xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, orta gücü təxminən 900 meqavat olan bir nüvə reaktorunun istehsal etdiyi elektrik enerjisini əvəz etmək üçün təxminən 800 qurudakı külək turbini lazımdır. Bu barədə “Slashgear” məlumat yayıb. MİT-in Enerji və Ekoloji Siyasət Araşdırmaları Mərkəzinin direktor müavini Con Parsonsun sözlərinə görə, əsas səbəb külək enerjisinin fasiləsiz olmamasıdır — onun səmərəliliyi küləyin gücündən birbaşa asılıdır.
Nüvə elektrik stansiyaları isə demək olar ki, fasiləsiz işləyə bilir. Buna görə də eyni enerji hasilatını təmin etmək üçün çox sayda külək turbini tələb olunur.
Eyni zamanda belə gücdə bir külək parkının tikintisi böyük ərazi tələb edir. Mütəxəssislərin hesablamalarına görə, ümumi sahə nüvə reaktorunun tutduğu ərazidən təxminən min dəfə böyük ola bilər. Yalnız turbinlərin yerləşdiyi sahə nəzərə alınsa belə, külək parkı təxminən on dəfə daha çox ərazi tutur.
Alimlər isə külək turbinlərinin effektivliyini artırmaq üzərində işlərini davam etdirirlər. Maraqlı layihələrdən biri Çində hazırlanır: şirkət təxminən 2 km yüksəklikdə işləyə bilən hava külək turbinləri yaratmağı planlaşdırır.
2026-cı ilin yanvarında bu texnologiyanın ilk prototipi uğurla sınaqdan keçirilib. Dirijabl və raketə bənzəyən qurğu yüksək hündürlükdə daha güclü və sabit hava axınlarından istifadə edir, istehsal olunan enerji isə kabel vasitəsilə yerə ötürülür.
Sınaqlar göstərib ki, bir hava turbini təxminən 3 meqavat enerji istehsal edə bilər. Bu halda orta güclü bir nüvə reaktorunu əvəz etmək üçün təxminən 300 belə qurğu kifayət edir, halbuki adi quruda yerləşən turbinlər üçün bu rəqəm 800-ə çatır.
Bununla belə, texnologiya hələ inkişaf mərhələsindədir və kommersiya bazarına çıxmayıb.
Enerji sektorunda səmərəliliyi artırmağın digər yolu turbinlərin ölçüsünün böyüdülməsidir. ABŞ və Avropada artıq daha iri modellər quraşdırılır və bu turbinlər daha çox elektrik istehsal edə bilir. Ekspertlərin proqnozuna görə, 2035-ci ilə qədər yeni dəniz külək turbinləri 20 il əvvəlki modellərlə müqayisədə təxminən üç dəfə daha çox enerji istehsal edəcək.
Tədqiqatçılar həmçinin külək parklarının gözlənilməz ekoloji təsirini də qeyd ediblər. Bəzi dəniz külək stansiyaları zamanla müxtəlif canlılar — balıqlar, omarlar və suitilər üçün sığınacaq rolunu oynayaraq yerli ekosistemlərə müsbət təsir göstərib.
Samir


