Oğrular artıq gündəlik həyatı asanlaşdıran rəqəmsal texnologiyalardan da yararlanırlar. Bu isə onlara hədəf seçdikləri evlər barədə daha çox məlumat toplamaq imkanı verir.
HİT.az Nlc.hu-ya istinadən xəbər verir ki, klassik oğurluq üsulları tamamilə yox olmayıb, lakin cinayətkarlar getdikcə daha çox rəqəmsal vasitələrdən istifadə edərək əvvəlcədən “kəşfiyyat” aparırlar.
"Google Maps" onlara geniş imkanlar yaradır: küçələrin və binaların yerləşməsi, hasarların hündürlüyü, ətraf mühit, hətta potensial qaçış yolları belə əvvəlcədən qiymətləndirilə bilir. Beləliklə, əvvəlki kimi uzun müddətli fiziki müşahidəyə ehtiyac azalır.
Son illərdə dronların istifadəsi də bu “kəşfiyyatı” daha da genişləndirib. Sadə kameralı dronlarla həyətin planı çıxarıla, kameraların yeri müəyyənləşdirilə, ev heyvanının olub-olmaması və hansı pəncərənin tez-tez açıq qaldığı öyrənilə bilər.
Eyni zamanda sosial şəbəkələr də oğrular üçün məlumat mənbəyinə çevrilib. Paylaşımlar vasitəsilə insanların evdə olub-olmaması, səfərdə və ya uzun müddət yoxda olması asanlıqla müəyyən edilir.
Mütəxəssislərin sözlərinə görə, hər kəs "Google Street View"də öz evinin görüntüsünü asanlıqla bulanıqlaşdıra bilər. Proses bir neçə addımdan ibarətdir:
* Google Maps-i açıb ünvanı daxil edin;
* Street View rejiminə keçin və evi tapın;
* Yuxarı sol küncdəki üç nöqtəyə klikləyib “Problemi bildirmək” seçin;
* bulanıqlaşdırmaq istədiyiniz hissəni seçin (məsələn, ev, avtomobil və ya üzlər);
* qısa izahat yazın (məsələn: “Şəxsi məxfiliyimə görə evimin görüntüsünün bulanıqlaşdırılmasını xahiş edirəm”);
* müraciəti göndərin və Google-un cavabını gözləyin;
* Təsdiqlənərsə, ev xəritədə bulanıq görünəcək.
Lakin nəzərə almaq lazımdır ki, bu qərar geri qaytarılmaya bilər — yəni ev bir dəfə gizlədilərsə, yenidən açıq görünməyə bilər.
Samir


