Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətçəkən açıqlama verib.
O, Azərbaycanda qadın sığınacaqlarının sayının artırıla biləcəyini söyləyib. Komitə sədrinin sözlərinə görə, aidiyyəti dövlət qurumlarının planlarında bölgələri əhatə edəcək yeni mərkəzlərin açılmasını nəzərdə tutulub.
“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, məişət zorakılığına məruz qalan şəxslərin müdafiəsi istiqamətində mövcud infrastrukturun genişləndirilməsinə ehtiyac var:

“Hazırda təhlükəsiz mühit təmin edən mərkəzlərin məhdud olması bir çox insanın yardım alma imkanlarını çətinləşdirir. Bir çox ölkənin təcrübəsində dövlət tərəfindən maliyyələşdirilən və idarə olunan mühafizə mərkəzləri fəaliyyət göstərir. Bu modelin Azərbaycanda da tətbiqi zərərçəkənlərin daha etibarlı şəkildə qorunmasına şərait yarada bilər”.
Birlik sədri hesab edir ki, sığınacaq xidmətləri yalnız ağır risk və təhdid altında olan şəxslər üçün nəzərdə tutulmalıdır:
“Ailə daxilində yaranan hər mübahisənin belə müəssisələrə müraciətlə nəticələnməsi məqsədəuyğun hesab edilmir”.
Günel Cəlilova


