Deputat: “Medianı dayanıqlı və iqtisadi baxımdan güclü etmək lazımdır”

ÖLKƏ
12:30 / 19.06.2026
159

“Təqdim olunan qanun layihəsini ümumilikdə müsbət qiymətləndirir və dəstəkləyirəm. İnanıram ki, yeni yaradılan Media və Yayım Şurasının səlahiyyətlərinin dövrün tələblərinə uyğunlaşdırılması media sahəsində idarəetmənin daha sistemli qurulmasına xidmət edəcək”.

Hit.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev parlamentin iclasında “Media haqqında” Qanuna dəyişikliklər barədə danışarkən deyib.

Millət vəkili qeyd edib ki, bu gün inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, müasir media yalnız reklam gəlirləri ilə yaşamır:
“Hərçənd ki, bu sahədə də ciddi gəlirlər yoxdur və reklamlar bərabər və ədalətli şəkildə bölünmür. Dünyanın aparıcı media qurumları podkastlar, sənədli filmlər, rəqəmsal platformalar üçün xüsusi məzmun, analitik hesabatlar, ödənişli abunə sistemləri, təlim proqramları, tədbirlər, multimedia məhsulları və müxtəlif rəqəmsal xidmətlər istehsal etməklə gəlirlərini şaxələndirirlər. Məhz bu model onların iqtisadi müstəqilliyini gücləndirir”.

Deputat nümunələr də verib:
“Məsələn, “The New York Times” rəqəmsal abunə və audio məhsullarından, “BBC Studios” proqram və format satışından, “Financial Times” isə analitik xidmətlər və korporativ abunələrdən əhəmiyyətli gəlir əldə edir. Bir çox Avropa ölkələrində media qurumlarına innovativ biznes modellərinin qurulması üçün xüsusi təlim və mentorluq proqramları təşkil olunur.

Qanunun həyata keçirilməsi mərhələsində Media və Yayım Şurasının əsas istiqamətlərindən biri də məhz bu olmalıdır. Ölkənin bütün media subyektləri üçün beynəlxalq ekspertlərin iştirakı ilə sistemli təlimlər keçirilməli, media menecerlərinə yeni biznes modelləri, rəqəmsal məhsulların hazırlanması, süni intellektin tətbiqi, müəllif hüquqlarının kommersiyalaşdırılması və beynəlxalq bazarlara çıxış imkanları öyrədilməlidir”.

Razi Nurullayev vurğulayıb ki, məqsəd yalnız mediaya dəstək vermək deyil, medianı dayanıqlı və iqtisadi baxımdan güclü etmək olmalıdır:
“Güclü iqtisadi əsaslara malik media həm daha peşəkar olur, həm də cəmiyyətə daha keyfiyyətli xidmət göstərir”.

0