ABŞ müstəqilliyinin 250-ci ildönümündə gələcək nəsillərlə qeyri-adi bir bağ qurmağa hazırlaşır. İstiqlal Bəyannaməsinin imzalanmasından keçən çeyrek minilliyi qeyd edən rəsmilər, ölkənin ən böyük zaman kapsulu layihəsini həyata keçirir.
HİT.az xəbər verir ki, Filadelfiyada keçiriləcək rəsmi mərasimdən sonra yerin təxminən üç metr dərinliyinə endiriləcək nəhəng metal sandıq 2276-cı ilədək açılmayacaq. Yəni, ABŞ-ın 500-cü ildönümündə üzə çıxarılacaq bu kapsul üzərindəki göstərişə əsasən yalnız 4 iyul 2276-cı ildə açılmalıdır. Layihə müasir ABŞ-ın mədəni, texnoloji və sosial mənzərəsini gələcəyə daşıyan bir körpü kimi təqdim olunur.
Təxminən 400 kiloqram ağırlığında olan bu xüsusi qoruyucu qutu zamanın aşındırıcı təsirlərinə qarşı yüksək mühəndislik həlləri ilə hazırlanıb. İçəridəki əşyaların korlanmasının, çürüməsinin və ya nəmdən zədələnməsinin qarşısını almaq üçün rütubət səviyyəsi 35 faizdə sabit saxlanılır. Sistemin memarı Maykl Berilla onun tam su keçirməz olduğunu və hətta böyük bir fəlakət zamanı belə içəriyə su sızmayacağını bildirir.
Gələcəyə mirasın seçilməsi üçün ABŞ-ın bütün ştatlarından öz regionlarını əks etdirən simvolik əşyalar toplanıb. Nəticədə elmi nailiyyətlərdən pop mədəniyyətə qədər uzanan rəngarəng bir kolleksiya formalaşıb.
Ən diqqətçəkən texnoloji əlavələrdən biri Kaliforniyadan gəlib. Ştat nümayəndələri kapsula bir füzyon superkeçiricisi və “Claude” adlı süni intellekt modelinin 250 il sonrasına dair proqnozlarını yerləşdirib. Süni intellektin “kehanətinə” görə, həmin dövrdə bölgənin təbii mühiti köklü şəkildə dəyişəcək.
Miçiqan ştatı isə 350 milyon illik fosilləşmiş mərcan daşları və qədim dövrlərə aid böyük mis nümunəsi təqdim edib. Nevada isə öz mədəni kimliyini əks etdirərək kapsula oyun çipləri əlavə edib.
ABŞ Konqres Kitabxanası isə xüsusi mikrotüp içərisində sintetik DNT üzərində kodlaşdırılmış rəqəmsal arxivlər yerləşdirib. Bu arxivdə İstiqlal Bəyannaməsinin ilkin layihələri, milli himnin orijinal notları və Abraham Linkolnun üçölçülü əl modeli kimi materiallar yer alır.
Tarixi və elmi materiallarla yanaşı, gündəlik həyatın mədəni nümunələri də kapsula daxil edilib. “Coca-Cola” şirkəti 1971-ci ilin məşhur reklam mahnısının sözlərinin yazıldığı boş şüşə ilə layihəyə qatılıb. Peşəkar Qolfçular Assosiasiyası (PGA) isə yaşıl meydanlardan çim təmir aləti və çempion fotoşəkili yerləşdirib.
Ədəbi mətnlər və şeirlərlə zənginləşdirilən bu nəhəng zaman kapsulu gələcəyin insanlarına bu günün dünyasını bir növ “keçmişin hekayəsi” kimi təqdim etməyi hədəfləyir. 250 il sonra onu açacaq nəsillərin bu mirasa necə reaksiya verəcəyi isə zamanla məlum olacaq.
Samir


