Uşaqların idmana marağını artırmaq üçün nə edək?

İDMAN
12:10 / 19.06.2026
245

“Uşaqların idmana marağını artırmaq üçün bəzi addımlar atmaq lazımdır”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, uşaqları idmana yönəlməyə məcbur etmək olmaz:


“Bu, məcburiyyət kimi yox, zövq və inkişaf vasitəsi kimi təqdim edilməlidir. Övladımıza idmanın gələcəkdə onun sağlamlığına və psixologiyasına verəcəyi faydalardan bəhs etməliyik.

Çox təəssüf ki, bəzən böyüklər idmanı yalnız nəticə, yəni medal olaraq görürlər. Ancaq uşaq üçün burada əsas motivasiya əylənmək, özünü sınamaq və uğur hissini yaşamaqdır. Çünki idman təkcə qalibiyyətdən ibarət deyil”.

Ekspert qeyd edib ki, uşaqlar psixoloji baxımdan daha çox gördüklərini təkrar edirlər:
“Əgər ailədə idman edilmir, aktiv həyat tərzi yoxdur və fiziki fəaliyyət gündəlik həyatın bir hissəsi deyilsə, uşaqda da o marağın yaranmamasını normal qarşılamalıyıq.

Lakin valideynlərin idmanla məşğul olduğu ailədə uşaq da istər-istəməz gördüyünü təkrarlayacaq və onda maraq yaranacaq. Ona görə də uşağa sadəcə “idman et” demək doğru yanaşma deyil. Yəni valideyn özü idman etsə, uşaqda da yavaş-yavaş həvəs formalaşacaq”.

Psixoloq vurğulayıb ki, uşağın xarakter və maraq dairəsinə uyğun idman növü seçilməlidir:
“Hər uşaq futbolla, güləşlə, gimnastika ilə məşğul olacaq deyə bir şey yoxdur. Bəzən valideynlər öz arzularına doğru uşaqlarını yönləndirirlər. Məsələn, özü kimi uşağının da futbol, üzgüçülük və s. idman növü ilə məşğul olmasını istəyir.

Ancaq unutmayın ki, uşağın sevmədiyi idman növü ilə məşğul olması onun gələcəkdə ümumiyyətlə idmandan uzaqlaşmasına belə gətirib çıxara bilər. Həmçinin, övladımızı müqayisədən uzaq tutmalıyıq. Ona “filankəsin uşağı bacardı, sən niyə etmirsən?” kimi sözlər demək doğru deyil. Çünki bu uşaqda özgüvəni azaldır və inkişafına da mənfi təsir göstərir”.

Nabat Mirzəyeva diqqətə çatdırıb ki, övladımıza idmanın ən böyük üstünlüklərindən biri olduğunu söyləməliyik:
“Çünki fiziki fəaliyyət stressi azaltdığı üçün böyük psixoloji təsirləri də var. Üstəlik, idman uşağın özünəinamını, gücünü və sosial bacarıqlarını artırır. Övladımızda idmana qarşı maraq oyatmaq istəyiriksə, bunun ona nələr qatacağını anlatmalıyıq.

Uşaq idmanı sevmək üçün əvvəlcə qələbəni və uğuru sevməməlidir. O, ilk növbədə hərəkət etməli, sevincini yaşamalı və idmanın ona nələr qatacağını gözəl bir şəkildə bilməlidir”.

Pərviz

0