"Təəssüflər olsun ki, Azərbaycan teleməkanında səviyyəli proqramların sayı sürətlə azalmağa doğru gedir".
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
Hətta o bildirib ki, artıq ölkəmizdə səviyyəli verilişlər yox dərəcəsinə gəlib çatıb:
"Çünki hazırkı dövrdə ölkəmizdə səviyyəsiz proqramlara təlabat daha yüksəkdir. Həmin proqramlardakı hay-küylər, davalar, insanların bir-birinin həyatına müdaxilə etmə etməsi, sirlərini ortaya qoymağa cəhdi və nalayiq sözlər dilə gətirmələri daha çox diqqət çəkir. Telekanallar da tamaşaçıların marağını gördükləri üçün yayımlarında belə proqramlara üstünlük verirlər".
Həmsöhbətimiz efirlərdə nümayiş olunan bayağı sosial verilişlərdəki anların sosial şəbəkələrdə viral olmasından da danışıb:
"Xüsusilə, bayağı sosial verilişlərdə baş verənlər sosial şəbəkələrdə qısa zamanda trendə düşür. Hətta Azərbaycan telekanallarını normal izləməyən insanlar da sosial şəbəkələrdə həmin proqramlarda olan hadisələrin kiçik hissələrini görürlər. Üstəlik, bir-biri ilə paylaşırlar.
Həmçinin, sözügedən videolardakı hadisələri həm sosial şəbəkələrdə, həm də real həyatda müzakirə edirlər. Bütün bunlar isə telekanallara baxmayan bəzi şəxslərdə də həmin verilişlərə maraq yaradır".
Mütəxəssis qeyd edib ki, telekanal rəhbərləri də sözügedən verilişlərin sosial şəbəkələrdə necə böyük marağa səbəb olduğunu görürlər:
"Ona görə də həmin proqramların "duzunu" artırmağa çalışırlar. Nəticədə, efirlərdə belə səviyyəsiz verilişlərin sayı durmadan artır. Çünki telekanallar sosial şəbəkələrdə trenddə düşmək üçün səviyyəsiz verilişləri çoxaldırlar. Həmin verilişlərdəki hissələr sosial şəbəkələrdə trendə düşdükcə, o proqramları telekanalları da izləyənlərin sayı artır. Sonda isə kanalın reytinqi yüksəlir.
Ümumiyyətlə, nəyə maraq varsa, telekanallar da efirlərdə onu artırmağa başlayırlar. Əfsuslar olsun ki, hazırda səviyyəli proqramlara baxan kütlə çox azdır. Lakin bayağı verilişləri izləyən tamaşaçıların sayı isə kifayət qədər çoxdur. Ona görə də telekanallar daha çox aşağı səviyyəli proqramlara yönəlirlər".
Pərviz