Alimlər 66 milyon il əvvəl yaşamış quşun lələyinin fosilini aşkar ediblər. Maraqlısı isə budur ki, nadir tapıntı birbaşa dinozavrın fosilləşmiş nəcisinin içindən çıxıb. Tədqiqatçılar hesab edirlər ki, bu lələk quşların kütləvi məhvdən necə sağ çıxdığı ilə bağlı uzun illərdir davam edən suala cavab verməyə kömək edə bilər.
HİT.az xəbər verir ki, bu barədə "The Independent" yazıb.
Söhbət ABŞ-ın Montana ştatında yerləşən Hell Creek formasiyasından tapılan fosildən gedir. Alimlər onun mineral tərkibini araşdırıb və kompüter tomoqrafiyası keçiriblər. Nəticədə fosilin içərisində bir neçə lələk, kiçik balıq pulcuqları və quşun ayaq sümükləri müəyyən edilib.
Fosillərin 2016-cı ildə aşkarlanmasına baxmayaraq, onların əhəmiyyəti üzərində aparılan araşdırmanın nəticələri indi də diqqət çəkir. Tədqiqatçılar bildiriblər ki, bu, Hell Creek formasiyasında indiyədək qeydə alınmış ilk quş lələyi tapıntısıdır.
Alimlərin fikrincə, tapıntının sahibi hesperornitiformlar qrupuna aid qədim quş olub. Bu canlılar müasir quşların əcdadlarını özündə birləşdirən Neornithes qrupuna yaxın qohum olsalar da, həmin qrupa daxil deyildilər.
Yerə təxminən 66 milyon il əvvəl nəhəng asteroidin düşməsi nəticəsində canlıların böyük hissəsi, o cümlədən dinozavrların və qədim quşların əksəriyyəti məhv olub. Lakin Neornithes qrupuna aid quşlar bu qlobal fəlakətdən sağ çıxaraq günümüzə qədər gəlib çatıblar. Onların nə üçün məhz bu qrupunun sağ qalması paleontologiyanın ən böyük suallarından biri olaraq qalır.
Əvvəllər alimlər Neornithes nümayəndələrinin əsasən su hövzələrinin yaxınlığında yaşamasının onlara fəlakətin nəticələrindən qorunmağa kömək etdiyini düşünürdülər. Lakin yeni tapıntı bu izahın tam olmadığını göstərir. Çünki hesperornitiformlar da suya yaxın ərazilərdə məskunlaşırdı, amma onlar kütləvi məhvdən xilas ola bilmədilər.
Tədqiqat müəllifləri hesab edirlər ki, quşların lələk quruluşu və tüklərini dəyişdirmə, yəni tükdəyişmə xüsusiyyətləri onların taleyində mühüm rol oynaya bilərdi. Bəzi qədim su quşlarının lələkləri artıq müasir quşlardakı kimi su keçirməyən quruluşa malik olsa da, bədənlərində daha primitiv, yumşaq və tüklü örtük olub.
Alimlərin fikrincə, məhz bu bioloji xüsusiyyətlər bəzi quşların asteroid fəlakətindən sonra dəyişən ekoloji şəraitə uyğunlaşmasına imkan vermiş ola bilər.
Tədqiqatçılar həmçinin qeyd edirlər ki, quş fosilləri olduqca nadir tapılır, onların lələklərinin bütöv şəkildə qorunması isə daha az rast gəlinən hadisədir. Buna görə dinozavrın fosilləşmiş nəcisində qorunub qalan bu lələk həm quşların təkamülünü, həm də 66 milyon il əvvəl yırtıcılarla ov arasındakı münasibətləri öyrənmək üçün mühüm elmi material hesab olunur.
Samir


