1 milyon manatdan çox dələduzluqda ittiham olunan Rafiq Vəliyevin məhkəmə istintaqı başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən əsas iclasda prokuror ittiham aktını elan edib.
Rafiq Vəliyev məhkəməyə qədər azadlıqda olub. Bundan əvvəlki iclasda onun barəsində həbs qətimkan tədbiri seçilib. Qətimkan tədbirinin dəyişdirilməsinə səbəb isə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi istiqamətində təşəbbüs göstərilməməsi olub.
42 yaşlı Rafiq Vəliyev iki nəfərin ümumilikdə 1 milyon 100 min manatını ələ keçirməkdə, daha iki nəfərin isə 408 min manatını ələ keçirməyə cəhd etməkdə təqsirləndirilir.
İş üzrə ən çox ziyan görən Gülnarə Rəhmanovadır. İttihamda yazılır ki, R.Vəliyev digərləri ilə əlbir olaraq G.Rəhmanovadan 1 milyon 37 min manat dəyərində qeyri-yaşayış sahəsinin satılması üçün sərəncamverici sənəd alıb. Lakin sonradan vədinə əməl etməyərək həmin pulu ələ keçirib.
Eyni üsulla aldadılan şəxslərdən biri də Türkiyə vətəndaşı Yurdsever Levent Metindir. Təqsirləndirilən şəxs ondan da 54 min manat dəyəri olan əmlak üzərində sərəncam verməyə imkan yaradan sənəd alıb, daha sonra evi 53 min manata sataraq pulu mənimsəyib.
Rafiq Vəliyevin dələduzluq planının növbəti qurbanı isə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə icra nümayəndəsi Seyfəddin Dəmirli olmalı idi. O, torpağın sahibi olan Ruxsarə Rəhimova ilə qadının mülkiyyətindəki Ləhic bağlarında yerləşən sahəsi 24 sot, dəyəri 408 min manat olan torpaq sahəsinin satışı üçün razılıq əldə edib. S.Dəmirli ilə danışıqlarda sənədlərin hazır olduğunu bildirərək torpaq sahəsini ələ keçirməyə çalışıb. Lakin budəfəki cinayət planı baş tutmayıb. Tərəflər arasında yekun müqavilə bağlanarkən Dəmirli aldadılacağını öyrənib. Nəticədə bu cinayət tam baş tutmamış qalıb.
Bundan sonra R.Vəliyev polis tərəfindən istintaqa cəlb edilib, faktla bağlı cinayət işi başlanılıb.
Ətraflı
İşdə diqqətçəkən ən maraqlı məqam isə rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı ittihamdır. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmişlərdə inam yaratmaq üçün xarici elementli sənədlər hazırlayıb.
O, guya Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rəsmi qurumları-Xarici İşlər və Birlik İşləri üzrə dövlət katibi Riçard Şartr və İngiltərədə fəaliyyət göstərən notariuslar tərəfindən verilmiş sənədlər kimi təqdim edilən kağızlar tərtib edib. Həmin sənədlər beynəlxalq hüquqi qüvvəyə malik kimi göstərilərək daha inandırıcı formada təqdim olunub.
Məsələn, bu hiyləgər planla xarici vətəndaşların adından etibarnamələr hazırlanıb və bu sənədlərlə Azərbaycandakı əmlak üzərində sərəncam vermək hüququnun verildiyi göstərilib.
Təqsirləndirilən şəxs dələduzluq ittihamını qəbul etməyib, özünü yalnız saxta sənəd hazırlamaqda təqsirli bildiyini deyib.
Qeyd edək ki, Seyfəddin Dəmirli iki ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin olunub. O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır. Vaxtaşırı Allahverdi Dəmirovun adı müxtəlif korrupsiya xarakterli cinayət işlərində də hallanıb.
Mediada Allahverdi Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu iddia edilirdi.

