Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yarıdan çoxu "yaşıl zona" olacaq.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib.
"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin dayanıqlı inkişaf prinsiplərinə uyğun icra edilir. Region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən olunub. Layihələr çərçivəsində bərpa olunan enerji, ekoloji yanaşmalar və müasir urbanizasiya prinsipləri əsas prioritetlərdən biridir", - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları investisiya yatırılıb: "2028-ci ilə qədər bu məbləğin 18 milyard dollara çatacağı gözlənilir. Layihələr "ağıllı" infrastruktur, bərpa olunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemlərini əhatə edir".


