Bakıda son günlər nəqliyyat sıxlığı sürücülərin və sərnişinlərin gündəlik həyatını çətinləşdirir.
Xüsusilə səhər və axşam saatlarında uzanan tıxaclar yollarda vaxt itkisinə, gərginliyə və narazılığa səbəb olur. Bəs şəhərin artan nəqliyyat yükünü azaltmaq üçün alternativ həll yollarından biri tramvay xəttinin yaradılması ola bilərmi? Tramvay Bakının tıxac probleminin həllinə nə dərəcədə kömək edə bilər?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Hit.az-a açıqlamasında bildirib ki, Bakının gələcək nəqliyyat sistemində tramvayların da xüsusi yer tutması planlaşdırılır:
“Perspektiv üçün şəhərdə beş əsas tramvay istiqamətinin formalaşdırılması nəzərdə tutulub. Bu istiqamətlər arasında ilk olaraq Məhəmmədli, Binəqədi və 28 May ərazisini birləşdirəcək xəttin reallaşdırılması gündəmdədir. Layihənin 2030-cu ilədək həyata keçirilməsi dövlət proqramında nəzərdə tutulan hədəflər sırasındadır. Tramvayın istifadəyə verilməsi paytaxtın nəqliyyat imkanlarının şaxələndirilməsinə şərait yarada bilər. Yeni relsli marşrutların metro və dəmir yolu ilə əlaqələndirilməsi sərnişinlərin şəhər daxilində hərəkətini daha rahat təşkil etməyə imkan verəcək.
Bu nəqliyyat növünün əsas üstünlüklərindən biri metro və dəmir yolu dayanacaqlarının əhatə etmədiyi ərazilərin ictimai nəqliyyat sisteminə daha sıx qoşulması ola bilər. Beləliklə, müxtəlif nəqliyyat vasitələri arasında vahid və əlaqəli sistemin qurulması qarşıya qoyulan əsas məqsədlərdən biri kimi çıxış edir. Burada avtobusların rolu da dəyişə bilər. Onların tramvay və metro xətlərinə sərnişin çatdıran qısa və əlaqələndirici marşrutlar kimi fəaliyyət göstərməsi ümumi nəqliyyat şəbəkəsinin səmərəliliyini artıra bilər”.

Ekspert hesab edir ki, Bakıdakı nəqliyyat sıxlığının azaldılması isə yalnız tramvayların sayının artırılması ilə məhdudlaşmır:
“Metro və şəhərətrafı dəmir yolunun inkişafı, avtobus marşrutlarının təkmilləşdirilməsi, piyada və velosiped üçün əlverişli şəraitin yaradılması da bu prosesin vacib hissələridir. Şəhər nəqliyyatında əsas məsələ yalnız yolların avtomobillər üçün genişləndirilməsi deyil.
İnsanların evindən işə, məktəbə və digər gündəlik ünvanlara rahat şəkildə çatmasını təmin edən alternativlərin çoxaldılması da vacibdir. Bu baxımdan Bakı üçün daha əlçatan və bir-biri ilə əlaqəli ictimai nəqliyyat sistemi şəhərdə avtomobildən asılılığın azalmasına təsir göstərə bilər. Nəqliyyatın düzgün planlaşdırılması həm yol yükünün azalmasına, həm də şəhər sakinlərinin gündəlik hərəkətinin daha rahat təşkilinə xidmət edə bilər”.
Sevinc


