Yay bitir, günlər qısalır, səhərlər daha qaranlıq açılır, axşamlar isə daha tez düşür.
Bəzi insanlar üçün bu dəyişiklik sadəcə fəsil dəyişikliyi olduğu halda, bəzilərində enerji azalması, yuxuya meyl, insanlardan uzaqlaşmaq və heç nəyə həvəs göstərməmək kimi hallar başlayır. Bəs bunun səbəni nədir və nədən qaynaqlanır?
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında bildirib ki, mövsümlə əlaqəli əhval dəyişiklikləri həqiqətən mövcud ola bilər:

“Mövsümi affektiv pozuntu depressiyanın mövsümi xarakter daşıyan formalarından biridir. Ən geniş yayılmış nümunədə simptomlar payızın sonu və qış aylarında başlayır, yaz-yay dövründə isə azalır. Fəsil dəyişəndə yalnız hava dəyişmir.
Gün ərzində qəbul etdiyimiz təbii işığın miqdarı da azalır. Gün işığının azalması bəzi insanlarda yuxu-oyanıqlıq ritminə və əhvalın tənzimlənməsində iştirak edən bioloji mexanizmlərə təsir göstərə bilər”.
Lakin ekspert mühüm bir məqamı da diqqətə çatdırıb:
“Əgər insan hər il təxminən eyni mövsümdə enerji və əhval dəyişikliyi yaşayır, gündəlik işlərinə marağını itirir və yaz aylarında vəziyyəti yenidən yaxşılaşırsa, bunu sadəcə “mən payızı sevmirəm” deyib keçmək düzgün olmaya bilər.
Mövsümi affektiv pozuntunun müəyyənləşdirilməsində simptomların təkrarlanan mövsümi xarakter daşıması mühüm amillərdəndir. Mövsümi affektiv pozuntu üçün psixoterapiya, işıq terapiyası və bəzi hallarda dərman müalicəsi kimi yanaşmalardan istifadə olunur”.
Sevinc


