ABŞ B61-13 termonüvə aviasiya bombalarının yekun yığımına başlayıb

DÜNYA
14:37 / 22.09.2026
43

ABŞ-ın Texas ştatında yerləşən "Pantex" müəssisəsi yeni B61-13 termonüvə aviasiya bombalarının yekun yığım mərhələsinə başlayıb. 

HİT.az xəbər verir ki, bu barədə "İnterfaks" ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasına (NNSA) istinadən məlumat yayıb.

Bu sursatlar ABŞ-ın strateji aviasiyasının ehtiyacları üçün nəzərdə tutulub.

Sentyabrın əvvəlində Tennessi ştatındakı Y-12 obyektində bu məmulatlar üçün əsas komponentlərin istehsalı başa çatdırılıb. İndi "Pantex" zavodunda bütün elementlər yekun şəkildə inteqrasiya edilir. Bundan sonra hazır aviasiya bombaları ordunun silahlanmasına daxil ediləcək.

B61-13 modifikasiyasının hazırlanmasına ötən il nüvə arsenalının yenilənməsi proqramı çərçivəsində başlanılıb. Gücü 10-360 kiloton arasında dəyişən yeni sursatların köhnəlmiş B61-7 döyüş başlıqlarını əvəz etməsi nəzərdə tutulur. Gələcəkdə bu bombalar "B-2 Spirit" və perspektivli "B-21 Raider" tipli strateji bombardmançıların silah sistemlərinə inteqrasiya ediləcək.

ABŞ Müdafiə Nazirliyinin nümayəndələri vurğulayırlar ki, B61-13 bombalarının yerləşdirilməsi ölkədəki nüvə aviasiya bombalarının ümumi sayının artmasına səbəb olmayacaq. Çünki yeni bombalar istismardan çıxarılan köhnə nümunələri əvəz edəcək.

Amerika Alimləri Federasiyasının mütəxəssisləri hesab edirlər ki, B61-13 istehsalının həcmi nisbətən kiçik olacaq və təxminən 50 ədəd təşkil edəcək. Onların qiymətləndirməsinə görə, buna belə yüksək gücə malik döyüş başlığının tətbiqini tələb edən potensial hədəflərin sayının məhdud olması səbəbdir.

Samir
 

0