Məşhur aktyor Elməddin Cəfərov yeni mövsümdə yenidən aparıcı kimi də qarşımıza çıxacaq.
O, tanınmış aktyor İslam Mehrəliyevlə birlikdə “Bir bir şou”nu təqdim edəcək. Sözügedən layihə “MTV”-də yayımlanacaq. Layihə Elməddin Cəfərovun rəhbərlik etdiyi “KO Media” tərəfindən deyil, “MTV” tərəfindən ərsəyə gətirilir.
Bəs yeni proqram necə olacaq?
Bununla bağlı Elməddin Cəfərov Hit.az-a açıqlama verib.
O, bildirib ki, “Bir bir şou” gündəlik şou proqramı olacaq:
“Layihənin formatı mənim daha əvvəl “ATV”-də təqdim etdiyim “Qısa qapanma” proqramına bənzəyəcək. Həftəiçi hər gün saat 19:00-da başlayacaq və 90 dəqiqə davam edəcək. Əsasən tanınmış simalar qonağımız olacaq. Lakin müğənnilərlə yanaşı, müxtəlif peşə sahibləri və tanınmış və ya tanınmamış simalar, amma sənətində peşəkar olan insanlar qonağımız olacaq”.
Sənətçi yenidən aparıcılığa dönməyə necə qərar verdiyini də açıqlayıb:
“Əslində aparıcılıq etmək planımda çoxdan var idi, sadəcə olaraq uyğun bir layihə gözləyirdim. Ağlımda yenidən “Qısa qapanma”nı biraz fərqli formatda başlatmaq idi, ancaq onu edə bilmədim. İslam Mehrəliyevlə bərabər veriliş aparmaq isə mənə rəngli və maraqlı gəldi. Düşünürəm ki, uğurlu proqram olacaq”.
Elməddin Cəfərov “Bir bir şou”nun “İki qapı arasında” serialının çəkilişlərinə əngəl yaratmayacağını da söyləyib:
“Həftəiçi hər gün proqram aparmaq serialla bağlı çəkilişlərə problem yaratmır. Təbii ki, hər gün işləmək biraz ağır olacaq, amma hələ ki enerjimiz var. Düşünürəm ki, işləməyə dəyər”.
Pərviz



