“Distimiya, yəni davamlı depressiv pozuntu, depressiyanın daha səssiz və uzunmüddətli formalarından biridir”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, burada insanın həyatında mütləq çox ağır, kəskin depressiv vəziyyət görmək lazım deyil:
“Əksinə, insan gündəlik həyatını davam etdirə, işləyə, insanlarla ünsiyyət qura və öz məsuliyyətlərini yerinə yetirə bilər. Amma bütün bunların arxasında uzun müddət davam edən aşağı əhval, yorğunluq, ümidsizlik, özünə inamın azalması və həyatdan əvvəlki qədər zövq ala bilməmək ola bilər. Bu vəziyyət adətən birdən-birə yaranmır.
Uzunmüddətli stress, emosional yüklənmə, münasibətlərdə yaşanan çətinliklər, uşaqlıqdan gələn bəzi təcrübələr, sosial təcrid, bioloji və genetik meyillilik kimi müxtəlif faktorlar rol oynaya bilər. Bəzən də insan əvvəl keçirdiyi depressiv dövrdən tam bərpa olmadan həmin əlamətlərlə yaşamağa davam edir və zaman keçdikcə bunu öz xarakterinin bir hissəsi kimi qəbul edir”.
Ekspert qeyd edib ki, distimiyanın fərqinə varmağın ən çətin tərəflərindən biri də budur:
“İnsan bir müddət sonra “mən həmişə belə olmuşam”, “mənim xarakterim belədir”, “mən onsuz da çox enerjili insan deyiləm” düşünə bilər. Halbuki burada şəxsiyyət xüsusiyyəti ilə psixoloji vəziyyəti bir-birindən ayırmaq vacibdir. Əgər insan uzun müddətdir ki, əvvəl zövq aldığı şeylərdən əvvəlki kimi zövq almırsa, tez yorulursa, gələcəyə qarşı ümidləri azalıbsa, özünü davamlı olaraq mənfi qiymətləndirirsə və bütün bunlar onun həyatının ümumi fonuna çevrilibsə, bunun üzərində dayanmaq lazımdır.
Bəs niyə bu vəziyyət illərlə davam edə bilir? Çünki insan ona uyğunlaşır. Məsələn, uzun müddət enerjisiz olan insan artıq enerjisizliyini problem kimi görməyə bilər. Sosial münasibətlərdən uzaqlaşır, fəaliyyətlərini azaldır, əvvəllər zövq aldığı şeyləri getdikcə daha az edir. Aktivlik azaldıqca müsbət emosiyalar da azalır və insan özünü daha da pis hiss edir. Beləliklə, bir dövrə yaranır: insan özünü pis hiss edir, fəaliyyətini azaldır, həyatdan daha az zövq alır və bu da onun əhvalını daha da aşağı salır”.
Psixoloq vurğulayıb ki, bu vəziyyətdən çıxış üçün ilk addımlardan biri özünü müşahidə etməkdir:
“İnsan bir neçə həftə ərzində əhvalını, enerjisini, yuxusunu, sosial əlaqələrini və gün ərzində nələrdən zövq aldığını qeyd edə bilər. Bəzən “heç nə etmək istəmirəm” fikrinin altında əslində uzun müddətdir davam edən yorğunluq və motivasiya itkisi dayanır. Praktik olaraq isə böyük dəyişikliklər gözləməkdənsə, çox kiçik addımlardan başlamaq daha realdır. Məsələn, bir saat idman etmək əvəzinə 10 dəqiqə gəzmək, insanlarla uzun görüş təşkil etmək əvəzinə bir nəfərlə qısa danışmaq, bütün günü planlamaq əvəzinə gün ərzində yalnız bir işi tamamlamaq.
Burada əsas məqsəd motivasiyanın gəlməsini gözləmək yox, kiçik fəaliyyətlərlə hərəkəti yenidən həyatın içinə gətirməkdir. Eyni zamanda insan öz haqqında istifadə etdiyi cümlələrə də diqqət edə bilər. “Mən belə insanam”, “mən heç nədən zövq almıram”, “mən həmişə yorğunam” kimi fikirlər vəziyyəti dəyişməz və daimi göstərir. Bunun əvəzinə “son vaxtlar belə hiss edirəm”, “hazırda bir çox şeydən zövq almaqda çətinlik çəkirəm” demək vəziyyətə daha real baxmağa kömək edir”.
Ülviyyə Ağazadə diqqətə çatdırıb ki, bu əlamətlər uzun müddətdir davam edirsə, gündəlik həyatına, münasibətlərinə və fəaliyyətinə təsir edirsə, bunu sadəcə xarakter xüsusiyyəti kimi qəbul etmək lazım deyil:
“Psixoloq və ya psixiatr tərəfindən qiymətləndirmə aparılması vacibdir. Müalicə fərdi vəziyyətdən asılı olaraq psixoterapiyanı, dərman müalicəsini və ya hər ikisini əhatə edə bilər. Ən vacib məqam isə budur ki, xroniki olması bunun dəyişməz və ömürlük olması demək deyil. İnsan illərlə bu vəziyyətə öyrəşmiş ola bilər, amma öyrəşmək sağalmaq demək deyil.
Bəzən insanın ilk dəfə “Mən həqiqətən belə insanam, yoxsa uzun müddətdir belə hiss edirəm?” sualını verməsi belə dəyişimin başlanğıcı ola bilər. Sonra son 2 həftəni düşünün: nələrdən zövq almadınız, nə qədər enerjiniz oldu və insanlardan nə qədər uzaqlaşdınız. Bəzən bu fərqi görmək belə ilk addımdır”.
Pərviz



