Fermerlər üçün yeni KREDİT

İQTİSADİYYAT
12:34 / 21.09.2026
156

Azərbaycanda fermerlərin əkin mövsümündən əvvəl maliyyə əldə etməsinə şərait yaradacaq yeni mexanizm hazırlanır. 

Bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə olunub. Yeni qanun layihəsinə əsasən, fermerlər yetişdirdikləri məhsula dair elektron şəhadətnamə ilə banklardan, kredit təşkilatlarından və ya tədarükçülərdən maliyyə ala biləcəklər. 

Öhdəliklər pul və ya məhsulla yerinə yetirilə biləcək. Məhsul şəhadətnaməsi qiymətli kağız statusu daşıyacaq. Borc ödənilmədikdə sənədin icraya yönəldilməsi nəzərdə tutulur. Bununla belə, təbii fəlakətlər, xəstəliklər və bazar qiymətlərinin dəyişməsi fermerlərin ödəniş imkanlarına təsir göstərə biləcək. 

Maraqlıdır, yeni mexanizm fermerlərin maliyyə yükünü azaldacaq, yoxsa onları əlavə borc riski ilə üz-üzə qoyacaq?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, yeni mexanizm mahiyyət etibarilə fermer üçün məhsulu satandan sonra deyil, məhsulu hələ yetişdirməmişdən əvvəl maliyyə əldə etmək imkanını genişləndirə bilər: 

410350

“Milli Məclisin məlumatına görə, məhsul şəhadətnaməsi qiymətli kağız kimi nəzərdə tutulur və onun iki növü olacaq. Biri müddətin sonunda məhsulun təqdim edilməsini, digəri isə borcun pul şəklində qaytarılmasını nəzərdə tutur. Bu mexanizmin əsas üstünlüyü fermerin əkin üçün toxum, gübrə, yanacaq, dərman, texnika və digər xərcləri məhsulu satana qədər maliyyələşdirə bilməsidir.

Fermer bankdan kredit almaq üçün ənənəvi girov imkanlarına malik olmadıqda belə, gələcək məhsulu maliyyələşmə mexanizminin təminatı kimi istifadə edə bilər. Bu baxımdan mexanizm aqrar sektorda maliyyə əlçatanlığını artıra bilər”.

Lakin onun sözlərinə görə, burada risk də kifayət qədər ciddidir: 

“Fermer məhsulu əvvəlcədən öhdəliklə bağladığı halda quraqlıq, sel, xəstəlik, zərərverici, məhsuldarlığın aşağı düşməsi və ya qiymətlərin kəskin dəyişməsi onun öhdəliyi yerinə yetirməsini çətinləşdirə bilər. Üstəlik, məhsul şəhadətnaməsinin qiymətli kağız statusu daşıması və öhdəliyin icraya yönəldilməsi nəzərdə tutulduğundan, borcun qaytarılmaması adi kommersiya münasibətindən daha ciddi hüquqi nəticələr yaratması mümkündür.

Ona görə mexanizmin fermer üçün həqiqətən yükü azaltması şərtlərdən asılı olacaq. Faiz və komissiyalar yüksək olarsa, məhsulun qiymətləndirilməsi fermerin əleyhinə aparılarsa və təbii risklərə görə kifayət qədər müdafiə mexanizmi yaradılmazsa, yeni alət fermerin maliyyə problemini həll etmək əvəzinə borc riskini artıra bilər”.

Ekspert onu da əlavə edib ki, şəhadətnamənin verilməsi sadə və şəffaf olsa, maliyyələşmə xərcləri aşağı saxlanılsa, məhsulun real bazar dəyəri düzgün müəyyənləşdirilsə və təbii fəlakət və məhsul itkisi hallarında fermer üçün qoruyucu mexanizmlər tətbiq edilsə, bu alət aqrar maliyyələşmədə ciddi yenilik yarada bilər:

“Burada ən mühüm məsələ fermerin gələcək məhsulunu girovlaşdıraraq borclanması deyil, bu borclanmanın hansı şərtlərlə həyata keçiriləcəyidir. Çünki fermerin gəliri məhsulun həcmi və bazar qiymətindən asılıdır, borc isə konkret tarixdə və konkret şərtlərlə qaytarılmalıdır”.

Sevinc

0