ABŞ Hərbi Hava Qüvvələrinin əfsanəvi A-10 Thunderbolt II hücum təyyarələri ilə bağlı daha bir mərhələ başa çatıb.
HİT.az xəbər verir ki, Arizona ştatındakı Devis-Montan aviabazasında A-10-ları istismar edən son bölmələrin deaktiv edilməsi ilə bağlı mərasim keçirilib. “Forbes” yazır ki, bu hadisə təyyarələrin bazadakı təxminən 50 illik xidmət tarixinin sonunu qoyub.
Mərasimdə 355-ci Əməliyyat Qrupu, 357-ci Qırıcı Eskadrilya, 357-ci Qırıcı Eskadrilyanın nəsil bölməsi və 355-ci Təlim Eskadrilyasının komandirləri iştirak ediblər. Bölmə bayraqları mərasim zamanı qatlanaraq xüsusi futlyarlara yerləşdirilib.
355-ci Aviasiya Qanadının komandiri polkovnik Xose Kabrera bildirib ki, uzun illər ərzində məhz bu bazada döyüş tapşırıqlarına göndərilən A-10 pilotları hazırlanıb. O, təyyarənin ABŞ hərbi aviasiyasında xüsusi yerə sahib olduğunu vurğulayıb.
A-10 Thunderbolt II ilk dəfə 1976-cı il martın 2-də Devis-Montan bazasına gəlib. Təyyarə həmin bazadan son uçuşunu isə 29 iyul 2026-cı ildə həyata keçirib.
Bununla belə, A-10-ların ABŞ ordusundakı xidməti hələ tam başa çatmayıb. Məlumata görə, ölkənin digər doqquz aviabazasında təxminən 160 belə təyyarə hələ də istismardadır.
“Warthog” ləqəbi ilə tanınan A-10 əsasən quru qoşunlarına havadan dəstək vermək üçün hazırlanıb. Təyyarənin ən diqqətçəkən xüsusiyyətlərindən biri yüksək davamlılığıdır. Pilotun qorunması üçün təxminən 540 kiloqramlıq titan zirehli kabinlə təchiz edilən A-10 ciddi döyüş zədələrindən sonra belə bazaya qayıda bilməsi ilə məşhurlaşıb.
Samir


