Səudiyyə Ərəbistanı husilərə qarşı genişmiqyaslı əməliyyata başlayacaq?

HƏRBİ
12:12 / 22.09.2026
255

Son günlər husilərlə Səudiyyə Ərəbistanı arasındakı gərginlik pik həddə çatıb.

Qarşılıqlı zərbələr və təhdidlər fonunda vəziyyətin nəzarət çıxa biləcəyi ehtimalları da səsləndirilir. Hətta tərəflər arasındakı münaqişənin genişmiqyaslı əməliyyatlara çevrilə biləcəyi belə proqnozlaşdırılır.

Bəs bu ehtimallar nə dərəcədə həqiqətə uyğundur? Belə ssenarilərin baş verməsi gözlənilirmi? 

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında bildirib ki, hazırda tərəflər arasında hərbi toqquşmaların genişmiqyaslı əməliyyatlara çevrilməsi real risk olaraq qalır:


“Sentyabr ayında husilərin Səudiyyə Ərəbistanına raket və dron hücumlarını dayanmadan artırması, Riyadı hədəfə alan ballistik raket cəhdi və Yəmənin Qırmızı dəniz sahillərində husilərin mövqelərini genişləndirməsi qarşıdurmanı əvvəlki mərhələdən xeyli fərqləndirir. Mənbələrə görə, BMT də husilərin Səudiyyəyə hücumlarını və Bab əl-Məndəbdəki irəliləyişlərini münaqişənin daha geniş regional qarşıdurmaya çevrilməsi baxımından təhlükəli hesab edir.

Burada əsas məsələ Səudiyyənin hərbi potensialından daha çox, husilərin hansı məqsədlə riskləri artırmasıdır. Husilər uzun müddətdir, Yəmən daxilində siyasi kompromis əvəzinə raket və dron imkanlarından istifadə etməklə, Riyada təzyiq göstərməyə çalışırlar.

Xüsusilə enerji infrastrukturu, hava limanları və dəniz nəqliyyatı ilə bağlı təhdidlər Səudiyyənin təhlükəsizliyindən kənara çıxaraq, beynəlxalq enerji bazarlarına və ticarət marşrutlarına təsir göstərə bilər. Həmçinin son günlərdə husilərin Qırmızı dəniz sahillərində və Bab əl-Məndəb ətrafında mövqelər əldə etməsi bu riski daha da artırır”.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı üçün bir tərəfdən öz ərazisini qorumaq, enerji infrastrukturu və dəniz yollarının təhlükəsizliyini təmin etmək, digər tərəfdən isə Yəməndə yeni, uzunmüddətli müharibəyə sürüklənməmək məcburiyyətində qalmaq problemdir:
“Buna görə də Səudiyyənin cavabı yalnız hava zərbələri ilə məhdudlaşmaya, hava hücumundan müdafiənin gücləndirilməsi və müttəfiqlərdən hərbi-texniki dəstəyin artırılması istiqamətində genişlənə bilər. Bu gün artıq Böyük Britaniya Səudiyyəyə müəyyən müddət üçün havada yanacaqdoldurma dəstəyi verməyə hazır olduğunu da bəyan edib. 

Bu genişmiqyaslı əməliyyatın qarşısındakı maraqlı məqam budur ki, ABŞ birbaşa müdaxiləyə hələlik ehtiyatlı yanaşır. Röytersin məlumatlarına əsasən, Səudiyyənin Vaşinqtondan hərbi dəstək tələblərinə baxmayaraq, ABŞ-nin husilərə qarşı yeni zərbələrə qoşulması məsələsi hələlik qeyri-müəyyən qalıb. Bu da Riyadın mümkün əməliyyatının miqyasına və müddətinə birbaşa təsir edə biləcəyini göstərir”.

Ekspert hesab edir ki, əsas təhlükə qarşıdurmanın bir anda tammiqyaslı Səudiyyə-Husi müharibəsinə çevrilməsindən daha çox, qarşılıqlı raket və hava zərbələrinin mərhələli şəkildə intensivləşməsidir:
“Husilər Səudiyyənin strateji səbrini zəiflik kimi qiymətləndirib, daha böyük hücumlara əl atsa, Riyadın cavab vermək imkanları əhəmiyyətli dərəcədə genişlənəcək. O zaman münaqişə yalnız Səudiyyə Ərəbistanı ilə husilər arasında yox, İranın buradakı rolunda da özünü göstərəcək. Ardıcıl olaraq isə Qırmızı dənizdə gəmiçilik, neft ixracı və ABŞ, Britaniya və digər tərəfdaşların təhlükəsizlik mövqeyi qarşıdurmanı regional böhrana çevirə bilər.

Beləliklə də husilərin bugünkü strategiyası Səudiyyəyə qarşı təzyiqi artırmaqla yanaşı, özləri üçün də daha böyük hərbi cavab riski yaradır. Riyad üçün ən kritik məsələ isə hərbi cavabın ölçüsünü elə müəyyənləşdirməkdir ki, ölkənin suverenliyi və strateji infrastrukturu qorunsun, amma Yəməndə nəzarətdən çıxan yeni regional müharibə yaranmasın. Bu gün Səudiyyənin ehtiyatlı davranmasının əsas səbəblərindən biri məhz budur”.

Elmir Mustafa

0