Oktyabrın 5-də Azərbaycanda Müəllimlər Günü qeyd olunur.
Bizi həyata hazırlayan, bilik verən, gələcəyimizə istiqamət göstərən müəllimlərə hörmət və ehtiram bəsləmək hər birimizin mənəvi borcudur. Bu gün övladlarımızın əlindən tutub onları elmə, biliyə aparan müəllimlərin əməyini qiymətləndirmək də vacibdir.
Ancaq müəllimə hörmətin ölçüsü nə qədərdir? Bu hörmətin qiyməti pul ilə müəyyənləşdirilməlidirmi?
Müəllimlər Günü yaxınlaşdıqca məktəblərdə illərdir müzakirə olunan, lakin hələ də aktuallığını itirməyən bir məsələ yenidən gündəmə gəlir - bayram münasibətilə valideynlərdən pul yığılması. Təəssüf ki, bəzi məktəblərdə müəllimə təşəkkür etmək kimi səmimi bir niyyət zamanla məcburi ödəniş təəssüratı yaradan ənənəyə çevrilib.
Valideynlərin müşahidə və şikayətlərində səslənən məbləğlər məktəbdən-məktəbə, sinifdən-sinfə dəyişir. Bəzi hallarda adambaşına 20 manatdan başlayan yığımlar olsa da, bu məbləğlə kifayətlənmək belə bəzən valideynin özünü narahat hiss etməsinə səbəb olur. 20, 30, 40 manatlıq təkliflər, xüsusilə şəhərin kənar ərazilərində, valideynlərin üzləşdiyi xərclər sırasında göstərilir. Mərkəzi ərazilərdə isə 50-100 manat və daha yüksək məbləğlərdən danışılır.
Ən düşündürücü məqam isə valideynin nə qədər pul verməsi deyil, onun verdiyi məbləğə görə münasibətlə üzləşə biləcəyi narahatlığıdır. Çünki söhbət təkcə böyüklərin cibindən çıxan puldan getmir. Valideynlər bəzən az məbləğ verdikdə övladlarının sinifdə fərqli münasibətlə qarşılaşacağından, diqqətdən kənarda qalacağından ehtiyat edirlər. Beləliklə, könüllü olması gözlənilən bir təbrik prosesi valideyn üçün mənəvi təzyiqə çevrilə bilir.
Elm və təhsil naziri Emin Əmrullayev müxtəlif açıqlamalarında məktəblərdə valideynlərdən məcburi pul yığılmasının yolverilməz olduğunu bildirib. Ancaq rəsmi mövqeyə və verilən açıqlamalara baxmayaraq, valideyn qruplarında bayram pulu ilə bağlı müzakirələrin hər il yenidən gündəmə gəlməsi problemin yalnız qadağa və xəbərdarlıqlarla həll olunmadığını göstərir.
Burada bir məqamı da unutmaq olmaz hər pul yığımı müəllimin tələbi ilə baş vermir. Bəzi hallarda təşəbbüs elə valideynlərin özündən gəlir. Müəllimə təşəkkür etmək, onu bayram münasibətilə sevindirmək istəyən valideynlər ola bilər. Lakin könüllü təşəbbüsün bütün sinif üçün gözləntiyə, daha sonra isə məcburiyyət hissinə çevrilməsi artıq başqa məsələdir.
Bayramın mahiyyəti müəllimi sevindirməkdirsə, bu sevinc valideynin narahatlığı, uşağın müqayisə edilməsi və ailənin maddi sıxıntısı hesabına baş verməməlidir. Müəllimə ən böyük hədiyyə onun əməyinə verilən dəyərdir. Bu dəyərin isə manatla ölçülən vahidi yoxdur.
Sevinc


