Ovucla ödəniş geniş yayılacaq?

İQTİSADİYYAT
12:46 / 22.09.2026
159

Bakıda artıq 20 marketdə ovucla ödəniş imkanının tətbiqinə başlanılması gündəlik alış-verişdə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 

Telefon, kart və nağd puldan sonra ödəniş üçün insanın öz biometrik məlumatından istifadə etməsi həm rahatlıq, həm də təhlükəsizlik baxımından maraq doğurur. Bəs bu texnologiya geniş şəkildə tətbiq oluna bilərmi və ovucla ödəniş ənənəvi ödəniş üsullarından hansı üstünlükləri ilə fərqlənir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında deyib ki, Birliyin 30 illik təcrübəsinə əsasən, yeni texnologiyaların və müasir satış üsullarının tətbiqi istehlakçıların aldadılması ilə bağlı yeni risklərin də ortaya çıxmasına səbəb ola bilər: 

410445

“Araz Marketdə tətbiqinə başlanılan ovucla ödəniş sisteminin digər mağazalarda da genişləndirilməsinin müsbət addım olduğunu düşünürəm. Lakin belə yeni texnologiyalar tətbiq olunarkən istehlakçı hüquqlarının qorunması məsələsinə də xüsusi diqqət yetirilməlidir.

Bu gün mağazalarda rəflərdə göstərilən qiymətlə kassada hesablanan qiymətin fərqli olması, istehlakçının almadığı məhsulların kassadan keçirilməsi və digər bu kimi problemlərlə bağlı kifayət qədər şikayətlər var. Yeni rəqəmsal sistemlərin tətbiqi zamanı belə halların qarşısının alınması və istehlakçının aldadılması imkanlarının minimuma endirilməsi vacibdir.

Bu baxımdan, yeni sistemlərin tətbiqi zamanı istehlakçı hüquqlarının qorunmasına dair mexanizmlərin hazırlanması və sistemin audit yoxlamasından keçirilməsi məqsədəuyğun olardı”.

Ekspert qeyd edib ki, hazırda ovucla ödəniş sistemi ilə bağlı Azad İstehlakçılar Birliyinə hər hansı şikayət daxil olmayıb: 

“Düşünürəm ki, Araz Marketin bu təcrübəsi gələcəkdə daha geniş yayıla bilər. Belə sistemlərin əsas üstünlüklərindən biri ödəniş prosesinin daha operativ həyata keçirilməsi və kassalarda yaranan növbələrin azalmasına kömək etməsidir. 

Kassalarda gecikmələrlə bağlı istehlakçı şikayətləri də olur. Ovucla ödəniş kimi sürətli sistemlərin tətbiqi insanların gözləmə müddətini azaltmaqla onların vaxtına qənaət edə bilər. Arzu edirəm ki, bu sistem daha geniş tətbiq olunsun və gələcəkdə onunla bağlı Azad İstehlakçılar Birliyinə hər hansı istehlakçı şikayəti daxil olmasın”.

Sevinc

0