Adi Kumar: WUF13 çərçivəsində Bakı fəaliyyət proqramı qəbul ediləcək

ÖLKƏ
12:36 / 17.05.2026
47

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) bu qlobal tədbirin keçirildiyi bütün tarix ərzində ən böyüyü olub.

"Report" xəbər verir ki, bu barədə UN-Habitat-ın maraqlı tərəflərlə əlaqələr üzrə məsləhətçisi və baş eksperti Adi Kumar Bakıda WUF13 çərçivəsində assambleyaların açılış mərasimində bildirib.

Ekspert vurğulayıb ki, assambleyaların əsas vəzifəsi qlobal urbanizasiya çağırışlarına cavab olaraq həll yollarının birgə axtarışı üçün icma nümayəndələrini, yerli hakimiyyət orqanlarını və tərəfdaş təşkilatları bir platformada birləşdirməkdir.

"Zəhmət olmasa, bu mesajı yayın. Hamı Bakıya gələ bilməyib, lakin bizim icmalardan olan çoxlu tərəfdaşlarımız, yerli və regional hakimiyyət nümayəndələrimiz var. Bakıdan verilən mesajın bütün dünyada mümkün qədər çox insana çatması vacibdir", - Kumar deyib.

O, həmçinin bildirib ki, son altı ay ərzində UN-Habitat WUF13-ün əsas mövzularını müəyyən etmək üçün 3 mindən çox maraqlı tərəf, icma və təşkilatla əməkdaşlıq edib.

Ekspertin sözlərinə görə, assambleyaların nəticələri hökumətlər və beynəlxalq təşkilatlar səviyyəsində gələcəkdə təşviq edilməsi üçün forum iştirakçılarının təklif və fikirlərini birləşdirəcək sənədin – Bakı Fəaliyyət Proqramının əsasını təşkil edəcək.

"Konfransın yekunlarına əsasən hazırlanan bu yenilik gətirən sənəd assambleyalar və dəyirmi masalardan tutmuş tərəfdaşlıq müzakirələrinə qədər bütün iştirakçıların fikirlərini birləşdirəcək və sistemləşdirəcək. Sənəd həm hökumətlər səviyyəsində, həm də öz təşkilat və institutlarınız çərçivəsində gələcək müzakirələr və təşviq üçün hamınız üçün əlçatan olacaq", - UN-Habitat nümayəndəsi bildirib.

0